Cəbhə xəttində baş verən aprel döyüşlərində şəhid olan hərbçilərimizdən biri də kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğludur.
İtkin düşdüyü hesab olunan hərbçinin meyiti aprelin 19-da döyüş meydanından götürülüb. Şəhid Baxışov Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Əslən Masallıdan olan şəhid gizir Sumqayıtda dünyaya gəlib. Uşaqlığı, gəncliyi bu şəhərdə keçib. Ailədə 3 övlad olublar.
Onun böyük qardaşı Samir Baxışov və atası da hərbçi olub.
Şəhid Seymur Baxışovun xanımı Aynur Baxışova əməkdaşımızla söhbətində onunla ilk tanışlığından, həyat yolundan söz açıb.
"Seymurla 2008-ci ildə tanış olmuşduq. 2009-cu ildə isə ailə həyatı qurmuşuq. Onunla yaşadığım günlər gözümün önündən bir lent kimi keçir".
S.Baxışov orta məktəbi yaxşı qiymətlərlə bitirdiyinə görə, təhsilini liseydə davam etdirib. O, rus bölməsində təhsil alıb. Xanımının sözlərinə görə, Seymur Baxışov gənc yaşlarından hərbiyə maraq göstərməyə başlayıb. Anasının qarşı çıxmasında baxmayaraq, o, hərbçi olacağına qərar verib.
"7 ildə ondan heç vaxt eşitmədim ki, işindən yorulsun, bezsin. Seymur hərb ilə nəfəs alırdı. O, dizindən əməliyyat olunmuşdu, hərbiçilərin əksəriyyətinin diz bağlarında belə problemlər olur. Əməliyyatdan sonra Seymurun iş yerini dəyişib, onu əsgər bölüyünə keçirmişdilər. Bu, ona pis təsir edirdi.
O, "Bu mənə pis təsir edir, mənim yoldaşlarım orada qalıb, illərimi o işə vermişəm. Lazımsız insan kimi otura bilmərəm",-deyə gileylənirdi. Seymur yenidən imtahan verdi, komandanın qəbuluna gedərək əvvəlki işinə qayıtdı".
Xanımın sözlərinə görə, 3 ay əvvəl S.Baxışova paytaxtda yerləşən hərbi şəhərcikdə ev verilib.
"3 ay idi ki, yeni evə köçmüşdük. Seymur evi həvəslə bəzəmişdi.
Allah rəhmət eləsin, çox yaxşı insan idi. İndiyədək ondan bir dəfə də olsun inciməmişəm. Mehriban ailə idik. Seymur istəyirdi ki, oğlu futbolçu olsun".
Xanımı S.Baxışov sonuncu dəfə martın 27-də gördüyünü deyib.
"Aprelin 1-də gecə mənə mesaj yazdı. Hər şeyin yaxşı olduğunu deyirdi. Mesajında oğlu Amin üçün darıxdığını yazmışdı. Son sözü bu oldu ki, "balama yaxşı bax, gələcəyəm...".
Bundan sonra Seymurdan xəbər tuta bilmədik. İş yoldaşlarına zəng edib soruşduq. Dedilər ki, yoxa çıxıb, biz də tapa bilmirik.
Sən demə, hamı Seymurun itkin düşdüyünü bilirmiş. Bizdən gizlədiblər. Aydın 20-ə qədər adı itkin siyahısında qeyd olunmuşdu. Ümid edirdik ki, sağdır, haradasa qalıb. Onun ölümünü heç ağlımıza da gətirmirdik".
Gizir S.Baxışov Lələ Təpə uğrunda gedən döyüşlərdə şəhid olub.
Həyat yoldaşının sözlərinə görə, o, aprelin 3-də hərbçi yoldaşlarına köməyə gedən zaman həlak olub: "Ayın 3-dən 20-ə qədər biz nələr çəkdik, bir Allah bilir. Hər dəfə şəhid gələndə, meyitləri təmas xəttindən qaytaranda, yalvarırdım ki, bu dəfə də Seymurun meyiti olmasın.
Ürəyimdə xəlvətcə dua edirdim ki, ermənilərə girov düşməkdənsə, qəhrmancasına həlak olsun, amma girov düşməsin. Mən bilirdim ki, onlar girov və əsirlərin başına nə oyunlar açırlar".
Daha sonra şəhidin qayını Arif onunla bağlı xatirələrini bölüşüb: "Seymur həmişə şəhidliyi arzulayırdı. Son iki ayda "Ana, mən şəhid oldum" mahnısına qulaq asırdı. Sanki şəhid olacağı ürəyinə dammışdı. Döyüş yoldaşı iki gün əvvəl bizə gəlmişdi. Dedi ki, Seymur döyüşə gedəndə ona vəsiyyət edib".(Azvision.az)