Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkilləri cəbhə xəttində son 3 gün ərzində baş verən erməni təxribatları müzakirə ediblər.

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, millət vəkili Zahid Oruc Ermənistan prezidenti Serj Sarkisyanı istefa verməyə çağırıb: "O üç generalını itirib. İki Ermənistan yaratmaq istəyirdilər. Ancaq birindən mərhum olublar. Ermənisiz Ermənistan və ermənisiz Qarabağ ortadadır. Qarabağda bu gün yaşayanlar əlillərdir. 
Eyni zamanda biz özümüz telefonlarda danışarkən rəsmi məlumatlardan kənar informasiyaları istifadə etməməliyik. Casus şəbəkəsi var. Ordu haqqında hansısa şayiə inzibati olaraq cəzalandırılmalıdır".

Spiker Oqtay Əsədov isə qeyd edib ki, bəzən jurnalistlər bütün hərbi məsələləri ortaya qoyurlar: "Nə gəldi yazırlar. Elə parlamentdə də danışarkən buna diqqət edilməlidir. Keçən dəfə də demişdim ki, beynəlxalq təşkilatlara həqiqətlərlə bağlı məktublar göndərilməlidir. Bu məsələdə aktiv olmaq lazımdır. Sarkisyandan çox misal çəkməyin. Baş deyəni ayaq eşitmir. Sarkisyan deyir ki, danışıqları dayandırırıq, amma xarici işlər naziri deyir ki, dayandırmırıq. Başlarını itiriblər".

Millət vəkili Fərəc Quliyev vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanları bağrına basıb saxlayır: "Azərbaycan dəfələlərlə bəyan edib ki, onların hüquqlarını qorumağa hazırdır. Razıyam ki, beynəlxalq təşkilatlara Azərbaycan həqiqətləri ilə bağlı məktublar göndərilməlidir. Mən partiya sədri olaraq bunu etməyə hazıram".

Millət vəkili Fəzail Ağamalı qeyd edib ki, Azərbaycan dünyada sülhün təhlükəsizliyin qorunmasına töhfə verir, amma Ermənistanda bir faşist düşüncəli rejim var: "Son günlər Azərbaycanın mülki əhalisinin gülləbaran edilməsi həmin rejimin tam mahiyyətini ortaya qoyur. Azərbaycan ultimatum verməlidir. Dinc sakinlərə qarşı bu təxribatlar dayandırılmalıdır. Nəticə verməzsə, Azərbaycan öz sözünü deməlidir".

Aydın Mirzəzadə deyib ki, Serj Sarkisyanın son bəyanatı onun ən səfeh bəyanıtıdır: "İşğal edən ölkə işğala məruz qalan ölkədən təhlükəsizlik tələb edir. Xocalı soyqırımın baiskarı olan Seyran Ohanyanı müdafiə naziri təyin edir. Hətta Hiteler də belə bəyanat verə bilməzdi. Bunlar onu göstərir ki, onlar ciddi böhran içərisindədirlər".