Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, Xidmətin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov və "Təhlükəsiz Şəhər Xidməti"nin operatoru Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org xəbər verir ki, "qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və şahidlər ifadə verib.
Təqsirləndirilən Fərid Əmiraslanov sərbəst ifadə verərək bildirib ki, 2012-ci ildən Dövlət Avtomobil Nəqliyyatı Xidmətində işləyib: "Avropa Oyunları zamanı "Bakı Sərnişin Nəqliyyatı" MMC-dən Yunus Abdullayev məndən xahiş etdi ki, sürücülərin siyahısının yığılmasında onlara kömək edim. Mənim rəsmi olaraq bu işlərlər bağlı heç bir öhdəliyim olmayıb. Sərnişin daşıyıcısı olan şirkətlər sürücülərin siyahısını elektron, kağız formasında mənə təqdim ediblər, onları bir yerə yığıb "email" ilə Daşımaların Təşkili Şöbəsinin rəisi Malik Əliyevə göndərirdim. Ordan siyahının hara getdiyini bilmirdim. Sonradan bildim ki, hüquq-mühafizə orqanları sürücülərin içindən seçim aparır. Təkrar bizə siyahı gəldi ki, bu adamlar təlimə getsin, qalanları getməsin. Mən də ona uyğun sürücüləri BEGOK-a yönləndirdim. Mənim siyahıya kiminsə adını salmaq və kimisə çıxarmaq səlahiyyətim olmayıb. Mənim bu işdə nəinki cinayət tərkibi olacaq əməlim, heç nöqsanım da yoxdur. Vəli Əhmədovun adı ilk siyahıdan çıxarılıb, növbəti dəfə sürücü tələb olunanda "Transgeyt" onun da adını təklif olunan siyahıya salıb və hüquq-mühafizə orqanları təsdiqləyib, yəni onun adını siyahıdan çıxarmayıb. Biz də siyahıda adı olan adamlara məlumat vermişik ki, təlimə getsinlər. Sonrasını da BEGOk özü həll edib".
Bundan sonra videogörüntülərin yayılmasında təqsirləndirilən polis əməkdaşı Elçin Həsənov ifadə verib. O bildirib ki, 2007-ci ildən Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətində işləyib: "Bizdə heç vaxt videogörüntülərə baxışla bağlı qadağa olmayıb. Adi vətəndaşlar da otağa girib video çəkib götürüb. Təbii ki, bunları idarə rəhbərliyinin icazəsi ilə ediblər. Dəfələrlə olub ki, adi vətəndaşlar rəhbərliyə pul verərək otaqdan video götürüblər. Məsələn, Respublika sarayının rəhbərinin oğlunu "Oscar" şadlıq sarayının yanında döymüşdülər. Özü gəldi rəisə dedi, girib otaqdan görüntüləri götürüb getdi. Bundan başqa bir qadını "07" vurmuşdu, Oruc Zalov tapşırmışdı ki, vətəndaş gələcək o görüntüləri ona verin. Biz də verdik, həmin adam başqa vəzifəsi olan vətəndaş idi. Bu hadisəyə qədər heç bir videogörüntü məxfiləşdirilməyib".
E.Həsənov hadisə günü baş verənləri də danışıb:
"O qəza 20:21-də olmuşdu, mən həmin gün işə gecikirdim. Növbə yoldaşım Emin Axundova zəng dib dedim ki, növbə rəisinə məlum versin, stadionun qarşısında yol bağlıdır deyə gecikirəm. Emin də dedi ki, rəis iclasdadır. Mən saat 21:00-da gəldim, gördüm ki, otaqda İstintaq İdarəsinin rəisi, Post Partul Xidmətinin əməkdaşları, təxminən 15 nəfər var idi. Sonra nazirlikdən baş leytenant və kapitan rütbəsində iki nəfər gəldi, dedilər görüntülərə baxacaqlar. Mən Nizami rayon Polis İdarəsinin rəis müavini Ədalət Əliyevə zəng edib məlumat verdim. Dedi ki, maneə olmayın, işlərini görsünlər. Mən də onlarla birgə otağa girdim, görüntüləri Eminin telefonuna çəkdim, sonra blutuzla özümə göndərdim. Mənim çəkdiyim video 17 saniyə idi və telefonla notbukun ekranından çəkilmişdi. Sonra yeməkxanaya düşəndə saxlanma yerinin əməkdaşı Məzahir Əsgərovla rastlaşdım, dedi ki, qəzanı törədən sürücünü tutub gətiriblər. Məzahir məndən otağa çıxıb videoya baxmaq istədiyini dedi. Mən də cavab verdim ki, otaqda heç kim yoxdu. Öz telefonumda olan görüntünü ona göndərdim. O da polis əməkdaşı idi deyə arxayın göndərdim. Başqa niyyətim olsaydı görüntüləri müxalifətə verərdim. Axşamüstü Ədalət Əliyev zəng edib dedi ki, Elçin, hadisənin görüntüləri məxfiləşdirilib, heç kimə verməyin, kimdə varsa, silsin. Mən də ona dedim ki, bircə Məzahirə göndərmişəm. Ədalət müəllim dedi Məzahirə zəng vur denən silsin. Mən də dedim, Məzahir dedi silmişəm. Sonradan Məzahir mənə dedi ki, 25-ci Polis Bölməsinin əməkdaşı Nemət Mirzəyevə də göndəribmiş".
Sabiq polis əməkdaşı qeyd edib ki, bundan sonra olanlarda Nizami RPİ-nin rəisi ona yalan vədlər verərək aldadıb: "Hadisədən sonra məni "Bandotdel"ə təhvil verdilər. Oradan isə rəhmətlik Rasim Musayev və canab nazir Ramil Usubov bizi qəbul etdi. Nazir dedi ki, sən görüntünü polis əməkdaşına vermisən, sadəcə səhlənkarlıq etmisən. Sonra bizi buraxdılar. Nizami rayonun rəisi məni atamla birgə yanına çağırdı. Dedi ki, idarəyə kompelks yoxlama gəlib, mənim "kreslom" laxlayır, ancaq sənin sayəndə saxlaya bilərəm. Mənə təklif etdi ki, gəl sən sənədlərə qol çək, bizim adi adamların o otağa girməsinə razılıq verməyimizi heç yerdə demə. Həmçinin, nazirin təlimatı var idi ki, biz ona qol çəkməmişdim. Dedi həmin təlimata da indi qol çək, amma imza qoyma. Mən səni məhkəmədən qurtaracağam. Mən də daha fikirləşdim rəisimdir, dediyini etdim. Halbuki, biz ondan əvvəl qol çəkməli olduğumuz təlimata qol çəkməmişdim. Bundan başqa, mən istintaqda da demişəm ki, videonu Emin Axundovun telefonu ilə çəkmişəm. Amma Eminin rəislə yaxın olmasına görə onun adı istintaqda çıxarılıb, heç şahid kimi də adı keçmir. Məzahir Əsgərov öz telefonunu sındırdı, mən isə özüm istintaq təhvil verdim ki, yoxlayın, Məzahirdən başqa heç kimə video göndərməmişəm. Emin Axundovun telefonu isə heç yoxlanılmadı. Yayılan video kompüter formatındadı, orada yaxınlaşdırılıb-uzaqlaşdırılma var, mən isə telefonla kompüterin ekranından çəkmişəm. Polis idarəsinin rəhbərliyində təmsil olunan Mehman Əliyevin mənlə prinsipi var idi, deyirdi səni "uvolit" etdirəcəyəm. Hadisə bir-iki gün sonra mənə dedilər ki, rəis töhmə alıb, sən də xidmətdən xaric olunubsan. Bir neçə gün sonra məni Ağır İşlərə dair İstintaq İdarəsində müstəntiq Rza İbayev dindirdi, sonra Ramiz Abdullayev çağırıb dedi ki, sən tutulursan, dedim yaxşı".
Məhkəmədə şahid qismində Nəqliyyat Nazirliyinin Nəqliyyatda təhlükəsizlik şöbəsinin müdiri Kazım Şərifov və Dövləq Avtomobil Nqəliyyatı Xidmətinin rəis müavini Yaqub Novruzəliyev ifadə veriblər.
Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər" kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub.
NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.