"Azərikimya" İstehsalat Birliyinin təşəbbüsü ilə keçirilən növbəti tibbi-xeyriyyə aksiyası göz əməliyyatına ehtiyacı olan bir qrup ahıl və imkansız şəhər sakininə sevinc bəxş edib.
Unikal.org xəbər verir ki, aksiya şəhərin müxtəlif mikrorayonlarının ahıl və imkansız sakinlərinin, gözlərində yaranmış «mirvari suyu» xəstəliyinə görə görmə qabiliyyətləri xeyli zəifləmiş təqaüdçü kimyaçıların «Azərikimya» İstehsalat Birliyinə ünvanladıqları müraciət əsasında həyata keçirilib.
Əməliyyatdan bir gün öncə - aprelin 28-də «Azərikimya» İB-nin rəhbərliyi pasientlərlə və əməliyyatlara hazırlıq işlərini həyata keçirən "Kimyaçı" poliklinikasının həkim və tibb personalı ilə görüşüb, əməliyyata hazırlığın vəziyyəti ilə maraqlanmış, ölkə rəhbərliyinin əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının təzahürü olan bu aksiyaların vaxtaşırı və təmənnasız olaraq keçiriləcəyini bildirib və xəstələrə şəfa arzulayıb.
Aprelin 29-da isə 6 nəfər Mərkəzi Neftçilər Xəstəxanasında təcrübəli cərrah-oftalmoloqlar tərəfindən əməliyyat olunmuş, bununla da xəstələr onları narahat edən «mirvari suyu» xəstəliyindən birdəfəlik xilas olublar.
Gün ərzində həyata keçirilmiş əməliyyatların hər biri uğurla sona yetmiş, pasientlər lazımi tibbi xidmət göstərildikdən, müəyyən prosedurlar yerinə yetirildikdən və müvafiq məsləhətlər aldıqdan sonra xüsusi müşayiətlə evlərinə yola salınıblar.
Əməliyyat olunan xəstələrin yaxınları və doğmaları göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Səhiyyə Nazirliyinə və SOCAR rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.