Rusiya neft satışlarında dollardan imtina etməyə hazırlaşır.
Bu barədə "Bloomberg" agentliyi məlumat verib.
Agentlik bildirib ki, Moskva əsas ixrac məhsulu Urals nefti üçün öz fyuçers müqaviləsini buraxmağa hazırlaşır. Bunda məqsəd neft satışlarından gəlirlərin artırılması və neftin qiymətinin hesablanmasında dollardan imtinadır.
Fyuçers meydançası Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasında yaradılır və hazırda xarici treydinq şirkətləri ilə danışıqlar aparılır. Daha aşağı keyfiyyətli Urals nefti hazırda beynəlxalq etalon hesab edilən Şimal dənizi nefti Brentə nisbətən daha ucuz sayılır. Məsələn, aprelin 28-də axşam saatlarında Brent neftinin bareli 48 dolları keçdiyi halda Urals neftinin bareli 47 dollara satılıb.
Layihə gerçəkləşdirildikdən sonra Urals neftini almaq istəyənlər birjaya rublla müraciət etməli olacaqlar. Rusiya nefti daha çox avroya satıldığında müştərilər avronu birbaşa rubla dəyişəcəklər. Perspektivdə bu, neft ticarətində dolların rolunu azalda bilər.
Hər halda Rusiya neft bazarının çox önəmli iştirakçısıdır. Hazırda dünya üzrə 96,1 milyon barelə bərabər günlük neft hasilatının 10,8 milyon bareli Rusiyanın payına düşür.
Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasının prezidenti Aleksey Rıbnikov Rusiyanın bu addımını satışlarda ədalətin bərqərar olması naminə atdığını bildirir: "Məqsəd neftin ədalətli və açıq qiymətləndirilib satıldığı sistemin yaradılmasıdır".
Ümumiyyətlə, neft satışına görə hesablaşmalarda dollardan imtina məsələsi inkişaf etməkdə olan ölkələr tərəfindən periodik olaraq qaldırılır. Bir qayda olaraq bu siyasi ritorika ilə müşayiət olunur. Bu ideya ilk dəfə 1990-cı illərdə Liviyanın devrildikdən sonra qətlə yetirilmiş lideri Müəmmar Qəddafi tərəfindən səsləndirilmişdi. 2000-ci illərin əvvəlində isə bu ideyanı İraqın oxşar taleyi yaşamış lideri Səddam Hüseyn təkrarlamışdı. 2009-cu ildə Kuba, Boliviya, Venesuela, Honduras, Nikaraqua və Ekvador arasında qarşılıqlı hesablaşmalarda dollardan imtinaya başlanmışdı.
İri neft istehsalçılarından olan İranın keçmiş prezidenti Mahmud Əhmədinejad 2007-ci ildə OPEC-in iclasında bəyan etmişdi ki, zəifləyən ABŞ dolları "heç nəyə yaramayan kağız topasıdır". O, kartel ölkələrini təşkilat daxilində neft ticarətini avro ilə aparmağa çağırmışdı.
Amma nəinki OPEC ölkələri, heç İran İslam Respublikasının mərkəzi bankı belə bu çağırışa məhəl qoymamışdı. Əksinə, Tehran avrodan yaxa qurtarmağa çalışmışdı və rezervlərində olan 45 milyard avronu dollara və qızıla çevirmişdi. Bununla da İranın rezervlərində avronun payı 50 faizdən 25 faizə qədər endirilmişdi. Yəni indiyə kimi dollardan imtina istiqamətində atılan bütün addımlar uğursuzluqla nəticələnib.
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, neft sənayesi üzrə ekspert Elnur Sultanov müsahibəsində Rusiyanın da bu təklifinin uğurla nəticələnəcəyinə inanmır. Onun fikrincə, böyük ehtimalla Moskvanın bu addımı sınaq məqsədi daşıyır.
Ekspertin sözlərinə görə, Rusiya bu addımı bir neçə il əvvəl də atmışdı və Nyu-York birjasında test sınaqları aparmışdı, amma bu da uğursuzluqla nəticələnmişdi.
Yəni şirkətlər rublla neft satmaqda maraqlı olmamışdılar. Elnur Sultanovun fikrincə, şirkətlər iki səbəbdən rublla neft satmaqda maraqlı olmurlar: "Birinci səbəb Rusiya rublunun güvəniləcək valyuta olmaması ilə bağlıdır. Yəni rublun perspektivi ilə bağlı proqnoz vermək mümkün deyil, məzənnəsi qeyri-sabitdir. Dollar isə yetərincə sabit və proqnozlaşdırıla bilən valyutadır".
Elnur Sultanov neft hasilatçısı olan şirkətlərin rublla müqayisədə dollara üstünlük verməsinin ikinci səbəbini Rusiya hakimiyyətində görür: "Rusiya hakimiyyəti siyasi oyunlarında neft və qazdan istifadə edir. Bu da şirkətləri çəkindirən amillərdəndir".
Əslində, Rusiyanın Urals nefti üçün Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasında fyuçers meydançası yaratmaq istəyi də Rusiyanın ABŞ-a və dollara qarşı apardığı siyasi oyunun tərkib hissəsidir. Hər halda, daha öncə Səudiyyə Ərəbistanı dollar istiqrazlarını sata biləcəyi barədə bəyanat səsləndirmişdi. Rusiyanın məqsədi dollara təhdid kimi görülən bu addımı gücləndirməkdir.
Hər iki ölkənin məqsədi təxminən eynidir - ABŞ dünya bazarında neftin və qazın qiymətini aşağı salmaq üçün atdığı addımları dayandırsın. Çünki hər iki ölkənin büdcəsi neftin qiymətinin son iki ilə sürətlə aşağı düşməsi üzündən ciddi problemlərlə üzləşib. Hər iki dövlət büdcə kəsirini örtmək üçün valyuta rezervlərini sürətlə əritməyə və aşağı qiymətlər fonunda neft hasilatını artırmağa məcbur olublar.