"Barselona" klubunun və Braziliya yığmasının gənc ulduz futbolçusu Neymar şəxsi təyyarə alıb. ANS PRESS-in məlumatına görə, futbolçu təyyarəni ötən il alıb. Lakin mediaya məlumat indi sızıb.

Futbolçu "Cessna" markalı təyyarəni 9,1 milyon dollara alıb. Neymarın yeni "oyuncağı" 12 nəfəri daşımağa və saatda 890 km sürətlə uçmağa qadirdir. Bundan başqa təyyarə eniş etmədən 5000 km-dək uçuş həyata keçirə bilər. Bu ilin mart ayında Neymar San-Paulu şəhər məhkəməsi tərəfindən fırıldaqçılıq və vergilərdən yayınmaqda ittiham olunub. Məhkəmə futbolçunun xəzinəyə 45 milyon avro ödəməli olduğuna dair hökm çıxarıb. 

Neymar 2013-cü ildə "Santos"dan "Barselona"ya 57 milyon avroya transfer edilib. Braziliyalı futbolçu cari mövsümdə 44 rəsmi oyunda 29 qol vurub. "Barselona" İspaniya çempionatında 35 oyundan sonra turnir cədvəlində liderdir. Katalonların "Atletiko Madrid" ilə eyni xalları var.