Son günlər təmas xəttində ermənilərin cəbhəyanı kəndləri atəşə tutması, xüsusən də mülki şəxslərə məxsus evləri, həyətyanı sahələri iriçaplı silahlardan vurması nəticəsində 9 nəfər yaralanıb, onlardan iki nəfər dünyasını dəyişib.
ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Rita Ömərova Ağdam şəhər xəstəxanasında olub və yaralıların son vəziyyəti barədə məlumatları çatdırıb.
Bildirib ki, onlardan bir qismi artıq xəstəxanadan evə buraxılıb, bir qismi isə müalicəsini davam etdirir. Daha sonra müxbirə müsahibə verən Ağdam şəhər xəstəxanasının poliklinika şöbəsinin müdiri Bəhram Qurbanov yaralılardan birinin xəstəxanaya çatdırılarkən yolda kəskin qanaxma nəticəsində keçindiyini, başqa birinə döş qəfəsindən qəlpə yarası, ağciyərin cırılması diaqnozu qoyulduğunu əməliyyatdan sonra vəziyyətinin orta ağır olduğunu, yaralılardan digərinin isə vəziyyəti ağır olduğundan bu gün dünyasını dəyişdiyini bildirib.
"Hazırda xəstəxanada 3 yaralı müalicə alır. Digər 3 yaralı ambulator şəraitdə müalicə almaq üçün evə göndərilib. Daha 3 nəfər isə Bərdə Müalicə Diaqnostika Mərkəzinə göndəriliblər. Hazırda xəstələrin vəziyyəti orta ağırdır", - deyə həkim Bəhram Qurbanov bildirib.
Daha sonra həkim Bəhram Qurbanov Ağdam səhiyyə şöbəsinin bütün həkimlərinin səfərbər olduğunu canla-başla xidmət etdiklərini bildirdi.
Yaralı Məmmədov Elnur özünü yaxşı hiss etdiyini öz həyətyanı sahəsində olarkən ermənilərin atdığı mərmi nəticəsində qəlpə yarası aldığını bildirdi.
"Atəş səslərinə həyətə çıxdım. Elə bu zaman ermənilərin atdığı topdan qəlpə zədəsi aldım. 2 yerdən yara almışam. Əməliyyat olunmuşam, həkimlərimiz sağ olsunlar, indi yaxşıyam", - deyə Elnur Məmmədov bildirdi.