Bakı Apellyasiya Məhkəməsində qardaşını güllələyərək öldürməkdə təqsirləndirilən Teyyub Paşayevin həbsxanaya keçirilməsi barədə cəzaçəkmə müəssisəsinin təqdimatının təmin edilməsinə dair məhkəmə qərarından Baş Prokurorluğun verdiyi apellyasiya protesti üzrə məhkəmə başa çatıb.
Unikal.org report-a istinadən bildirir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə Nizami Rayon Məhkəməsinin çıxardığı qərarı ləğv edib və prokurorluğun apellyasiya protesti təmin olunub.
Qeyd edək ki, 2012-ci ilin sentyabrın 4-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində qətl hadisəsi baş verib. T.Paşayev doğma qardaşı Seyyub Paşayevə odlu silahdan atəş açıb. Ağır güllə yarası alan S.Paşayev 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən T.Paşayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi 1 ədəd "Makarov" markalı tapança, 2 patron darağı və 14 ədəd patron götürülüb.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.
2013-cü ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Belə ki, T.Paşayevin 9 il cəzası 7 il 6 ay müddətinə endirilib.
T.Paşayev onun həbsxanaya keçirilməsi barədə cəzaçəkmə müəssisənin təqdimatının təmin edilməsi üçün Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə məhkumun təqdimatını təmin edib. Həmin qərardan narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib.
Məlumata görə, T.Paşayev kriminal avtoritetdir.