Bakıda Nəqliyyatın Mübadilə Mərkəzi yaradılıb.
Unikal.org xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü 30 aprel 2016-cı il tarixində "Koroğlu" metro stansiyası ətrafında və Heydər Əliyev prospektinin girişində nəqliyyat sıxlığının aradan qaldırılması, sərnişinlərin rahat şəkildə avtobuslara minib-düşməsi, və gələcəkdə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və ya azaldılması, taksi, avtobus və digər nəqliyyat növlərinin biri-birinin hərəkətinə mane olmadan hər biri üçün nəzərdə tutulan müvafiq yerlərdə saxlanmasının təşkili məqsədilə yeni Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb.
Koroğlu metro stansiyası ətrafında avtobusların qoşa xətti keçərək Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə gedən yolötürücüsünün üzərindən hərəkət etmələri həmin istiqamətdə nəqliyyatın hərəkətində səhər və axşam pik saatlarda uzun sürən tıxacla müşayət olunurdu. Yeni istifadəyə verilən Nəqliyyatın Mübadilə Mərkəzi həmin problemin əsaslı şəkildə həllinə də gətirib çıxarmış oldu.
 
Bundan irəli gələrək 136, 160, 171, 172 və 189 nömrəli marşrutların son dayanacaqları dəyişdirilib. Qara Qarayev prospekti istiqamətində yaranan sıxlığı arada qaldırmaq məqsədilə 30 aprel tarixindən etibarən sözügedən marşrut xətlərinin son dayanacağı "Qara Qarayev" metro stansiyasının önü deyil, məhz "Koroğlu" metro stansiyası ətrafında yeni yaradılan Nəqliyyatın Mübadilə Mərkəzi müəyyən edilib.