Roma papası Fransiskin Cənubi Qafqaza səfəri Qarabağ münaqişəsinin sülhlə nəticələnməsinə yardımçı ola bilər.
Unikal.org anspress-ə istinadən məlumatına görə, bu fikir ABŞ-ın Kaliforniya ştatında yerləşən Çepmen Universitetinin beynəlxalq təhsil bölməsinin rəhbəri Ceyms Koylun "The Daily Caller"də dərc olunmuş məqaləsində deyilir.
Rəsmi devizi "Məsih və kilsə" olan və ABŞ-ın ilk liberal universitetinin təmsilçisinin yazdığı məqalədə bildirilir ki, Roma papası Fransisk iyun ayında erməni katalikosu II Qargenin dəvəti ilə Ermənistanda olacaq. Həmçinin Roma papası bu il sentyabrın 30-dan oktyabrın 2-nə kimi Tiflis və Bakıya səfər edəcək.
Münaqişə barədə nisbətən obyektiv şəkildə yazılmış, münaqişə nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın düşməsi, Azərbaycan ərazilərinin 20 faizinə qədərinin işğal edilməsi və s. kimi faktların sadalandığı məqalədə müəllif Roma papasının münaqişənin nizamlanmasına hansı sənədlər əsasında cəhd edəcəyinə aydınlıq gətirib. Onun sözlərinə görə, regionda sülhün konturları 2007-ci ildə Ermənistan və Azərbaycan prezidentlərinin imzaladığı "Madrid prinsipləri"ndə öz əksini tapıb.
Bütün bunlara baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) keçmiş işçisi, politoloq Fikrət Sadıqov müsahibəsində münaqişənin nizamlanması baxımından bu cür səfərlərin elə də ciddi əhəmiyyətinin olmadığını bildirir: "Roma papasının regiona bundan əvvəl də bir neçə dəfə səfəri olub. Bu cür səfərlərlə münaqişəni həll etmək mümkün olsaydı, indi heç bir problemimiz olmazdı".
Politoloqun sözlərinə görə, nə qədər obyektiv olmağa çalışsa da Roma papasından tam konstruktiv mövqe gözləməyə dəyməz: "Düzdür, katolik kilsəsi məsələdə müəyyən qədər obyektiv olmağa çalışır. Amma yenə də xristian həmrəyliyi özünü göstərir. Ona görə Ermənistanla bizə eyni gözlə yanaşmağa çalışırlar. Deyirlər, müharibə eləməyin, danışıqlar masasına oturun. Amma heç biri Ermənistandan işğal etdiyi ərazilərdən çıxmağı tələb etmir".
Bütün bunlarla yanaşı, Ceyms Koyl indiyə kimi tam açılmayan, buna görə də münaqişə tərəfləri və analitiklər tərəfindən müxtəlif cür təqdim edilən "Madrid prinsipləri"nin ilkin variantını da təqdim edib. Məsələ bundadır ki, "Madrid prinsipləri"nin 2007-ci ildə qəbul edilmiş variantında Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı referendumdan bəhs edilmir, sadəcə Dağlıq Qarabağa müvəqqəti statusun verilməsindən söhbət gedir. Görünür, referendum məsələsi 2011-ci ildə təklif edilən Kazan sənədinə salınıb və məhz buna görə Azərbaycan tərəfi Kazan sənədinə imza atmayıb.
Fikrət Sadıqovun sözlərinə görə, aralıq statusu məhz Dağlıq Qarabağın Azərbaycana inteqrasyası üçündür: "Qarabağın statusu referendum subyekti ola bilməz. Sadəcə, aralıq status keçid dövrü üçündür. Həmin keçid dövründə danışıqların mövzusu ərazidəki yerli özünüidarəetmə və icra qurumlarının, maliyyə sisteminin Azərbaycana inteqrasiyası proseduru, funksiyaların bölünməsi, yəni muxtariyyətin forması danışıqlar nəticəsində müəyyən edilə bilər".
Politoloq bildirib ki, Azərbaycan bu məsələdə öz mövqeyini təkidlə qorumalıdır: "Biz heç vaxt ərazi bütövlüyümüzü poza biləcək həll variantları ilə razılaşa bilmərik. Kimsə bizə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına imkan verən sənədə qol çəkdirə bilməz. Buna görə biz həmişə münaqişənin müharibə yolu ilə həll variantını da istisna etməməliyik".
Münaqişənin müharibə yolu ilə həlli variantına hazır olmağın və bunu sübut etməyin nə qədər təsirli vasitə olduğunu aprelin əvvəlində baş vermiş dördgünlük döyüşlər sübut etdi. İndiyə kimi Azərbaycanla ritorikada «şərti qalib tərəf irəli sürər» ifadəsini işlədən işğalçı Ermənistan artıq susmağa məhkumdur. Azərbaycan ordusunun növbəti addımları Ermənistanı Qarabağ məsələsində söz hüququndan tamamilə məhrum edə bilər.