Britaniyanın insan haqlarını müdafiə təşkilatı İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının son iki ildə edam etdiyi suriyalıların və əcnəbilərin sayını açıqlayıb.
Unikal.org modern.az-a istinadən bildirir ki, edam edilənlərin sayı 4144 nəfər olub. Edam edilənlər arasında mülki şəxslər, o cümlədən qadınlar və uşaqlar (2230 nəfər) çoxdur. Terrorçuların öldürdükləri 1100 nəfərdən çox hakimiyyət ordusunun və hakimiyyətyönlü qeyri-nizami qüvvələrin üzvləridir.
Edam edilən 400 nəfər İŞİD -in öz yaraqlıları olub. Yeri gəlmişkən, bunlar qruplaşmasının tərəfində döyüşüb, sonradan öz vətənlərinə qayıtmağa cəhd göstərərkən əsir düşənlərdir.
Bundan əlavə, İŞİD ən azı 300 nəfər digər islamçıları, yaxud müxalifət qruplaşmalarının üzvlərini öldürüb.
Təşkilatın məlumatında bildirilir ki, ölüm hökmünə məhkum edilənlərin məhvi başlarının kəsilməsi, güllələnmələri, daş-qalaq edilmə, binaların damların atılmaq yolu ilə rellaşdırılıb. Rakka şəhərindən gələn xəbərlərdə isə edamların çarmıxa çəkilməklə həyata keçirildiyi də vurğulanır.
ABŞ xüsusi xidmətinin dəyərləndirməsinə görə, İŞİD yaraqlılarının sayı 20-25 min arasındadır və son zamanlar terror qruplaşmasının sıraları seyrəlir. Ötən il isə kəşfiyyat məlumatlarında İŞİD-in sıralarında 19 mindən 31 minə qədər yaraqlının olduğu bildirilirdi.