Gəncə şəhəri Dədə Qorqud prospektində fəaliyyət göstərən aptekdən külli miqdarda psixotrop və tərkibi məlum olmayan dərmanlar aşkarlanıb.
 
Unikal.org xəbər verir ki, ANS TV-nin məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli dərmanların ticarəti ilə məşğul olan Nazilə Cəfərova və Aqil Kazımov saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxslər uzun müddət cinayət yolu ilə psixotrop həblərin satışı ilə məşğul olublar. Əməliyyat nəticəsində aşkarlanan dərmanlar xarici ölkələrdə istehsal edilir və onların istifadəsi, eyni zamanda satışı cinayət əməli hesab olunur.

Cinayət yolu ilə yüksək gəlir əldə etmək istəyən Nazilə Cəfərova və Aqil Kazımov peşman olduqlarını dilə gətiriblər. Maraqlıdır ki, Nazilə Cəfərova və Aqil Kazımovun çalışdırdığı aptekin qanuni fəaliyyəti üçün heç bir rəsmi sənədi də olmayıb. Faktla bağlı Cinayyət Məcəlləsinin 240-cı maddəsiylə cinayyət işi açılıb.