Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin I rübündə, o cümlədən mart ayında enerji istehsalı üzrə texniki-iqtisadi göstəricilər yüksək olunub. 
 
"Azərenerji" ASC-nin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumatda bildirilir ki, ölkəmizdə elektrik  enerjisinin ən iri istehsalçısı olan «Azərbaycan» İES-in kollektivi 2016-cı ilin birinci rübü, o cümlədən mart ayı ərzində enerji bloklarının və avadanlıqların etibarlı, dayanıqlı və qənaətli iş rejimini təmin ediblər. Dispetçer yük qrafikinə əməl olunmaqla istehsal proqnozu tam yerinə yetirilmişdir. Əsas avadanlıqların zədələnməsinə və sıradan çıxmasına gətirə biləcək qəza və imtina hallarına yol verilməyib.
Stansiyada mart ayında 477,3 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunmuşdur. Energetiklər cari ilin birinci rübündə isə 1 milyard 572,4 milyon kVt-saat elektrik enerjisi istehsal edib enerjisistemə ötürüblər.
«Azərenerji» ASC-nin təsdiq etdiyi təmir qrafikinə uyğun olaraq, stansiyanın  üçüncü enerji blokunda mart ayının sonunda orta təmir başlanılıb. Hazırda stansiyada dispetçer yük qrafikinə əməl olunmaqla sutka ərzində 15-16 milyon kilovat-saat elektrik enerjisi istehsal olunur.
«Mingəçevir SES Silsiləsi»nin əməkçiləri mart ayında 53,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal etmişlər. Birinci rüb ərzində isə istehsalın həcmi 115 milyon kilovat-saata yaxın olub.  Elektrik enerjisinin xüsusi sərfiyyatında xeyli qənaət əldə edilib.
Elektrik enerjisinin istehsalı ilə yanaşı müəssisədə əsaslı və cari təmir işləri də davam etdirilir. "Mingəçevir SES"də 5 nömrəli hidrogeneratorda əsaslı təmir işləri görülür, üç ədəd transformator, bir ədəd avtotransformator cari təmir edilmişdir. 110 və 220 kV-lik yarımstansiyaların hər birində bir ədəd kompressor da cari təmirdən çıxarılmış, sel sularını ötürən kanal da təmizlənib. 
Yenidənqurma işləri ilə əlaqədar olaraq 110 və 220 kV-lik  yeni APQ-də giriş dayaqları quraşdırılıb. 
«Varvara SES»də də müvafiq işlər görülüb.
Respublikamızın qərb bölgəsinin enerji təminatında mühüm rol oynayan "Şəmkir SES"  və "Yenikənd SES"in əməkçiləri də Mərkəzi Dispetçer Xidmətinin tapşırıqlarına layiqincə əməl ediblər.
"Şəmkir SES"də mart ayında 72 milyon kVt-saat, ilin birinci rübündə isə 159 milyon kVt-saat  elektrik enerjisi istehsal olunmuşdur. Şəmkirli energetiklər elektrik enerjisinin xüsusi sərfində də qənaətə nail olublar.
«Yenikənd SES"də çalışan əməkçilərin də uğurları var. Onlar mart ayında 600 min kilovat-saat, birinci rübdə isə 63,8 milyon kVt-saat elektrik enerjisi istehsal etmiş, xüsusi sərfiyyatda qənaətcil olublar. 
Onu da bildirək ki, hər iki stansiyada cari ilin yaz-yay sel sularının qəbulu və ötürülməsinə hazırlıq işləri davam etdirilir. SES-lərdə olan avadanlıqlarda, qurğularda təmir briqadaları tərəfindən müvafiq işlər və profilaktik yoxlamalar davam etdirilir.