Zərdüşt Əlizadə: "Cəbhədəki son döyüşlərdən sonra məcbur olub danışıqların formatını dəyişmək istəyirlər"

Ermənistanın sabiq prezidenti (1991-1998), Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.

Ermənistan mətbuatının yaydığı məlumata görə,  səfər zamanı Petrosyan Qarabağdakı separatçı rejimin "lideri" Bako Saakyanla görüşəcək.

Serj Sarkisyanın bir müddət əvvəl Levon-Ter Petrosyanın evinə gedərək müəyyən söhbətlər aparmışdı. Bu məqam cəbhədəki son döyüşlərdən sonraya təsadüf edirdi. 
 
 

Politoloq Zərdüşt Əlizadə Levon Ter Petrosyanın 9 ildən sonra Dağlıq Qarabağa yenidən səfər edib separatçı rejimin "lideri" Bako Saakyanla görüşünü Unikal.org-a şərh edib. O vurğulayıb ki, Petrosyanın bu səfərdə əsas məqsədi mövcud durumu Saakyana izah etməkdir: "Rusiya Ermənistana Dağlıq Qarabağla bağlı şərt qoyub. Vassal ölkə kimi onların bu şərtdən qaçmağa imkanları yoxdur. Bu şərtlər nədən ibarətdir? Misalçün, 1997-ci ildə Levonun devrilməsi, 1998-ci ilə Karenlə Vazgenin güllələnməsi və s.
 
 
Ermənistan rəhbərliyi bu şərtləri yaxşı bilirlər və buna görə də hazırda qanları qaradır. Lavrovla görüşdən onra Sarkisyan Levon Ter-Petrosyanın evinə getdi, söhbətlər apardı. Sarkisyan indi də Levon Ter-Perosyanı Qarabağa  göndərir ki, Rusiyanın agenti olan, Qarabağ əhalisinə olmazın vədlər vermiş Bako Saakyana geriyə yol olmadığını bildirsin. 
 
 
 
Moskvanın qoyduğu şərtləri Ermənistan yerinə yetirməyə borcludur. Ermənistanla-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin tam həllinə Rusiya imkan verməz. Cəbhədəki son döyüşlərdən sonra məcbur olub danışıqların formatını dəyişmək istəyirlər. 
Bu məsələdə güzəşt olmalıdır.  Azərbaycanı razı salmaq üçün müəyyən dərəcədə Rusiya Ermənistanı güzəştə məcbur edir. Ermənistan rəhbərliyi bu güzəşti erməni xalqına hansı formada, hansı ibarələrlə "yedirməy"in izahlı yollarını axtarırlar".  

Həsən Babayev