Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilən, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun səhhətində problem yaranıb.
Unikal.org xəbər verir ki, bu barədə Lent.az-a Hacı Məmmədovun vəkili Afət Qazıyeva danışıb.
Vəkil bildirib ki, DTX-ın İstintaq Təcridxanasında saxlanılan H.Məmmədov səhhətində ciddi probləmlər yaşanıb: "Yaranan problemlə bağlı Hacı Məmmədov Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Hazırda orada həkim nəzarətində saxlanılır".
Qeyd edək ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-a keçən gecə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı tutulub. 2007-ci il yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədova və daha 26 nəfərə hökm oxunub. Onlardan H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilib.