Bakı Ağır Cinayətlər Məhkəməsində 12 il əvvəl Türkiyədə cinayət törədib Azərbaycanda həbs edilən Mehmet Haliloğlu Sunmezin ekstradisiyası ilə bağlı məhkəmə prosesi başa çatıb.
 
Unikal.org apa-ya istinadən məlumatına görə, prosesdə onun ekstradisiya olunmasına qərar verilib.
 
Qeyd edək ki, adı çəkilən şəxsin təqsirləndirildiyi hadisə 2004-cü il noyabrın 24-də baş verib. Türkiyənin Turgutlu - Manisa avtomobil yolunda su kanalının kənarında şəxsiyyəti məlum olmayan meyit tapılıb.
 
Aparılan təhqiqat nəticəsində mərhumun şəxsiyyətinin Meltem Putak olduğu və İzmirdəki 9 Eylul Universiteti Ekonometrika fakültəsində təhsil aldığı müəyyənləşib. Hadisədən sonra M.Putakın tanışı, 1974-cü il təvəllüdlü Yılmaz Akbaba bu cinayətin törədilməsində şübhəli şəxs qismində göstərilib və onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Lakin onun həbsi mümkün olmayıb.
 
2015-ci ildə həmin qərar yenilənib və Y.Akbaba beynəlxalq axtarışa verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Akbabanın Azərbaycan ərazisində 1978-ci il təvəllüdlü Mehmet Halil oğlu Sunmez adı ilə yaşadığı müəyyən edilib və o, 2016-cı il martın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları tərəfindən tutulub. Səbail Rayon Məhkəməsi onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
 
Y.Akbaba (Mehmet Sunmez) barəsində Türkiyə Respublikası 1-ci Manisa Ağır Cəza Məhkəməsi tərəfindən həbs edilməsi haqqında qərarın olması və Türkiyə Respublikasına ekstradisiya olunacağını nəzərə alaraq, Mehmet Sunmezin vəkili Vasif İsrafilov onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. O, ittihamları rədd edib, Y.Akbaba olmadığını bildirib.
 
Azərbaycan Daxili İşlər Nazirliyi də Türkiyə Cinayət Məcəlləsinin 81-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Türkiyə vətəndaşı Sunmez Mehmetin Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanması barədə bu il martın 18-də məlumat yayıb.