Bakı Apellyasiya Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org bildirir ki, bu barədə "Report"a vəkil Hafiz Ələsgərov məlumat verib.
Onun sözlərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, İ.Mehdiyevin barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ittihamdan xaric edilib. Məhkəmə onun 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasını 18 ilə endirib.
Qeyd edək ki, hadisə ötən il yanvarın 31-də Bakının Maştağa qəsəbəsində baş verib. Təqsirləndirilən İ.Mehdiyev ailə münaqişəsi zəminində atası İmdad Mehdiyevin üzərinə benzin tökərək onu yandırıb. İmdad Mehdiyev hadisə yerində dünyasını dəyişib.
İ.Mehdiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 186.2.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mehdiyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, mərhum 81 yaşlı İmdad Mehdiyevin digər oğlu Mehdi Mehdiyevdir. O, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədridir.