Suraxanı Rayon Polis İdarəsi və 30-cu Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan Novruz Salayevin ətrafında aparılan əlavə tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, N.Salayev ətrafına topladığı şəxslərlə birlikdə Suraxanı rayonu ərazisində silsilə mənzil oğurluqları törədib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Nurlan Ağayev, Sərhat Əmirov və Mirasəf Kərimli saxlanılıblar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, onlar ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə 15 evdən pul, qızıl və məişət əşyaları oğurlayıblar.
Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət və digər qiymətli əşyalar N.Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdən aşkar olunaraq maddi sübüt kimi götürülüb. Saxlanılan şəxslər ifadələrində oğurluqları N.Salayevin göstərişi ilə həyata keçirdiklərini etiraf ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətlər davam etdirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən, Hövsan Südçülük Sovxozunda yaşayan Novruz Salayev polislər tərəfindən saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman ümumilikdə 4 kiloqram 626 qram qurudulmuş marixuana, 2,725 qram heroin və 198,542 qram narkotik tərkibli bitkilərin kultivasiya üçün nəzərdə tutulan çətənə toxumu aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evdən əlavə olaraq "BLOW Maqnum Voltran markalı tapança da aşkar olunub.