Mayın 4-də "Azərikimya" İstehsalar Birliyinin akt zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlararası şahmat turniri keçirilib.

Sum­qa­yıtda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına, əlaqələrin genişləndiril­mə­sinə və səmimi münasibətlərin formalaşdırılmasına xidmət edən turni­rində «Azərikimya» İB-nin idarə aparatını, Etilen-polietilen zavodunu, Təmir-tikinti İdarəsini, Sumqayıt Dövlət Universitetini, Karbamid zavodunu, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Xidmətini, şəhər Təhsil və Səhiyyə şöbələrini, Qaz-istismar İdarəsini, YAP Sumqayıt şəhər təşkilatını, Corat və Hacı Zeynəlabdin Tağıyev qəsəbə bələdiyyələrini, respublika Qızıl Aypara CəmiyyətininSumqayıt şəhər bölməsini, şəhər Rabitə qovşağını və digər qurumları təmsil edən 50-dən artıq həvəskar şahmatçı güçünü sınamışdır.

Turnirin açılış mərasimində çıxış edən "Azərikimya" İstehsalar Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev yarış iştirakçılarını salamlamış, onlara uğurlar və qələbə sevinci arzulamışdır.

FİDE-nin qaydalarına uyğun, İsveçrə sistemi ilə və təcrübəli şahmat hakimlərinin nəzarəti altında iki gün davam edən yarışlarda fəallıq və əzmkarlıq nümayiş etdirən şəhər Rabitə qovşağının komandasının üzvü İlqar Şiriyev turnirin qalibi olmuşdur. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsininkomandasının üzvü Rasim Eyvazov və Sumqayıt Dövlət Universitetininin komandasının nümayəndəsi Sərxan Orxanlı müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülmüşlər.

Turnirin qaliblərinə "Azərikimya" İB-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən xüsusi diplomlar və pul mükafatı təqdim olunmuşdur.

Turnirin bağlanış mərasimində iştirak edən şahmat üzrə beynəlxalq dərəcəliqrossmeyster, Dünya və Avropa birinciliklərinin qızıl mükafatçısı Zeynəb Məmmədyarova qalibləri təbrik etmiş, onlara yeni nailiyyətlər arzulamışdır.



 


Ərşad Nihad,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü