"Ermənistan hökumətinin iki deputatının "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması təşəbbüsü ilə bağlı rəyi ətrafındakı söz-söhbətlər yersizdir. Hökumətin rəyi bu təşəbbüslə razılıq kimi başa düşülməməlidir".
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Ermənistan hansı halda Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını dəfələrlə açıq şəkildə bəyan edib. Etibarlı tərəfdaş kimi Ermənistan prezidenti bu kimi vacib qərarla bağlı əvvəlcədən öz həmkarlarını, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini məlumatlandıracaq"-deyə bəyanatda bildirilib.
Qeyd edək ki, bu gün Ermənistan hökuməti "DQR"in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərib. Həmin sənədi hökumətin iclasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan təqdim edib.
Azərbaycan XİN bu məsələ ilə bağlı Ermənistana sərt xəbərdarlıq edib. Bildirilib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması İrəvanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır.
Politoloq və millət vəkilləri hesab edirdilər ki, Ermənistan "DQR"nı tanısa, cəbhədə şiddətli müharibə başlayacaq.