Nazim İsmayılov Sabirabadı qaranlığa qərq edib
Nazim İsmayılov Sabirabadı qaranlığa qərq edib

Onun rayona icra başçısı təyinatından sonra başlayan narazılıqların sırasına yenisi əlavə olundu

Nazim İsmayılovun rəhbərlik etdiyi Sabirabad rayonunda narazılıqlar səngimək bilmir. Qeyd edək ki, İsmayılovun icra başçısı təyinatından sonra onunla yerli əhali arasında çox sayda bu və ya digər formada narazılıq yaşanıb.

Dünən isə onların sırasına yeni birinin əlavə edildiyi barədə məlumat aldıq. Həmin məlumata görə, Sabirabad rayonunda əhaliyə elektrik enerjisinin verilməsində fasilələr yaranması sakinlər arasında növbəti narazılığa səbəb olub.
Bu barədə rayon sakinləri məlumat veriblər. Məlumatda bildirilir ki, Nazim İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ediləndən sonra sakinlərin evlərinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb: "Evlərə elektrik enerjisinin verilməsində fasilələrin yaranması nəticəsində qışın soyuğunda, yayın istisində eletrikdən asılı olan yerli əhali çox əziyyət çəkir. Son dövrlər bu fasilələr daha intensivləşib. Yəni rayonun müyyən hissələrinə verilən elektrik enerjisi növbələşib. Bir neçə gün öncə səhər saatlarından Sabirabad şəhərinin 30 faiz ərazisinə verilən elektrik enerjisi dayandırılıb. Elektrik enerjisinin fasilələrlə verilməsi evlərdə kondisioner və digər soyuducu qurğular hesabına isti hava ilə mübarizə aparan xəstələr, qocalar və körpələr çox əziyyət çəkirlər. Onların soyuducularında olan ərzaq xarab olduqca onlara maddi ziyan də dəyir. Bu sahədə ərzaq mağazaları daha çox əziyyət çəkirlər".
Sakinlər bildirirlər ki, havaların isti keçdiyi vaxtda onların evlərinə verilən elektrik enerjisində fasilələrin yaranması onlara bir sıra problemlər yaradır və bu səbəbdən də sakinlər arasında narazılığın get-gedə güclənməsi təbiidir. Gözlənti isə artıq bu problemin rayon rəhbərliyi tərəfindən tezliklə yoluna qoyulmasıdır.
Azər Aslan