“Dəmirbank”a qarşı sərt ittihamlar səslənir
Bankın işçiləri müştərilərinin yaşadığı ünvana basqın ediblər
Bakı sakini Azər Səfərov “Azadlıq” radiosunun “Qaynar xətt”inə şikayət edib ki, avqustun 10-da axşam saat 22 radələrində “Dəmirbank” Problemli Kreditlərlə İş Departamentinin bir neçə əməkdaşı onun yaşadığı ünvana gələrək səs-küy yaradıblar.
Onlar Azər Səfərovun kreditlə aldığı avtomobili özləri ilə aparmağa cəhd ediblər: “5-6 əməkdaş gəlmişdi, hamısı da idmançı geyimində. Səs-küy saldılar, ailə üzvlərimizi təhqir etdilər. Maşınımı zorla əlimdən alıb aparmaq istəyirdilər. Bildirdim ki, hərəkətləri qanunsuzdur, çünki mənim qapıma icra məmurları gələ bilərlər, həm də iş vaxtı gələ bilərlər. Hansı qanunda yazılıb ki, gecənin bir vaxtı vətəndaşın evinə gəlib rahatlığını pozsunlar, ailəsini təhqir etsinlər. Dedilər, yeri gəlsə, sənin özünü də həbs etdirərik. Gördüm getmək istəmirlər, hay-küylərinə qonşular da yığışmışdı, Mən də DİN-nin 102 xidmətinə zəng vurub məlumat verdim. Bundan sonra çıxıb getdilər”.
“Dəmirbank”ın Problemli Kreditlərlə İş Departamentinin direktor müavini Rəfail Hacıyev şikayətlə bağlı “qaynar xətt”in yazılı sorğusuna cavabında bunları bildirib: “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və qərardadı mövcuddur. Həmin sənədlərdə avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulub, icra məmurlarına, DYP əməkdaşlarına həmin nəqliyyat vasitəsinin saxlanılaraq DYP-nin cərimə meydançasına təhvil verilməsi tapşırılıb. Bütün bunlara baxmayaraq, öz tərəfimizdən də nəqliyyat vasitəsinin saxlanması üçün müəyyən tədbirlər görülür. Qaldı ki, iş vaxtından sonra vətəndaşın ünvanına gedilməsi məsələsinə, onu deyə bilərəm ki, iş vaxtından sonra bizə məlumat daxil oldu ki, avtonəqliyyat vasitəsi hansı ünvandadır. Həmin yerə işçilərimiz tərəfindən baxış keçirilərkən, Səfərov Azər işçilərimizin üzərinə hücum edib və işçiləri təhqir edib. Bütün bunlara baxmayaraq, işçilərimiz özlərini təmkinli aparmış və avtonəqliyyat vasitəsinin banka verilməsini məsləhət görmüşlər. Lakin Səfərov Azər təhvil verməkdən boyun qaçırıb. Tərəfimizdən maşının harada olması barədə icra məmuruna və DYP əməkdaşlarına məlumat verilib. Təkrar maşının yerləşdiyi yerə baxış keçirilib, lakin maşının orada olmadığı aşkarlanıb. Gördüyünüz kimi, Azər maşını yenə də gizlətməklə məşğuldur”.
Azər Səfərov deyir ki, aldığı avtomobilə görə bankla onun arasında borc mübahisəsi yaranıb. Bir-birlərini məhkəməyə veriblər. Əvvəlki məhkəmə bankın iddiasını təmin edib. Azər Səfərovun banka qarşı iddiasına isə avqustun 20-də baxılacaq: “Neçə vaxtdır məndən tələb edirlər ki, məhkəmədən iddiamı geri götürüm. Məhkəməyə bir neçə gün qalıb, indi də mənə bu yollarla təsir göstərmək istəyirlər”.
Şikayətçi deyir ki, borc mübahisəsinə səbəb olmuş avtomobili Elnarə Rzayeva adlı şəxs bankdan kredit yolu ilə alıb. Sonra da ona satıb. O, avtomobili alarkən Elnarə Rzayevanın banka borcu olması barədə bank işçiləri ona məlumat verməyiblər. O, bundan bir neçə ay ödəniş etdikdən sonra xəbər tutub. İndi bank əvvəlki müştərinin yaratdığı borcun ödənilməsini də Azər Səfərovdan tələb edir. Məhkəmə bankın iddiasını təmin edib.
Hüquqşünas Namizəd Səfərov deyir ki, əgər üzərinə məhkəmə qərarını icra etmək öhdəliyi qoyulmuş tərəf qərarı icra etmirsə, bu zaman tələbkar icra məmurlarına müraciət etməlidir. Həmin tərəfdən əmlakın alınıb tələbkar tərəfə verilməsini icra məmurları həyata keçirməlidir: “Bank əməkdaşının qarşı tərəfdən qətnaməni icra etməsini tələb etməsi qanunsuzdur. İş vaxtından sonra vətəndaşın yaşadığı ünvana getməsi isə ikiqat qanunsuz hərəkətdir. Buna görə vətəndaş hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Ümumiyyətlə, iş günlərində iş vaxtı bitdikdən sonra və qeyri-iş günlərində vətəndaşın yaşadığı ünvana getmək onun istirahətinə və şəxsi həyatına müdaxilədir”.
Aliyə
Digər Xəbərlər
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35
2024-12-22 10:44:57
2024-12-22 00:48:58
2024-12-22 00:00:00
2024-12-21 22:40:55
2024-12-21 20:58:50
2024-12-21 19:04:07
2024-12-21 18:46:43
2024-12-21 18:15:44
2024-12-21 17:06:00
2024-12-21 17:00:00
2024-12-21 16:33:49
2024-12-21 16:06:15
2024-12-21 15:34:34