Azərbaycanda xüsusi iqtisadi zona?
Azərbaycanda xüsusi iqtisadi zona?

Türkiyə sənaye sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Qardaş ölkə Azərbaycanda xüsusi iqtisadi zona yarada bilər. Bunu Bakıda səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Zafer Çağlayan mətbuat konfransında çıxışı zamanı bildirib.

Z. Çağlayanın sözlərinə görə, bu yaxınlarda onun dəvəti ilə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik edəcəyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
Bu səfərin ardından qısa bir vaxt ərzində Z. Çağlayanın Azərbaycana cavab səfəri olacaq: "Bu növbəti görüş çərçivəsində biz Sumqayıt texnoloji parkını ziyarət edəcəyik. Türkiyə sənaye zonaları yaratmaqda zəngin təcrübəyə malikdir və Azərbaycanla da bölüşməyə hazırdır", - deyə Türkiyənin iqtisadiyyat naziri Zafer Çağlayan mətbuat konfrasında söyləyib.
Sumqayıt texnoloji parkına ziyarətlə bağlı nazir əlavə olaraq qeyd edib ki, orada Türkiyənin xüsusi iqtisadi zonasının (Türk Özel Ekonomi Bölgesi) inşa edilməsi istisna edilmir. Tərəfdaş ölkələrdə bu cür zonaların yaradılması Türkiyə biznesinin xaricdə inkişaf etdirilməsi siyasətinin əsas istiqamətlərindən biridir.
Qeyd edək ki, ötən gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin II görüşü keçirilib.
Ədalət Partiyası sədrinin müavini Heydər Oğuzun sözlərinə görə, "Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması ölkə iqtisadiyyatının dinamikləşdirilməsi və yeni iş yerlərinin açılması baxımından effekt doğura biləcək addımlardan ola bilər. Ancaq Türkiyədə təhsil almış bir məzun kimi qəti qənaətim belədir ki, Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması üçün xarici təcrübəyə, xarici kadrlara və xarici kapitala ehtiyac yoxdur. Azərbaycan Türkiyədən heç də kəm dövlət deyil. Azərbaycanın gənc kadrlarının potensialına yaxından bələd olan bir insan kimi deyə bilərəm ki, Türkiyədə son 20 ildə təhsil almış 20 min gəncin içində olduqca sanballı və dünya iqtisadiyyatında gedən dərin prosesləri çox gözəl dərk edən gənclərimiz çoxdur. Onlar bu işin öhdəsindən məharətlə gələ bilərlər. Çox təəssüflər olsun ki, hazırda həmin iyirmi min gəncin əksəriyyəti Bakının bazarlarında kartof-soğan və ya corab satmaqla məşğuldur, bəziləri isə xarici ölkələrə gediblər. Yəni ölkədə hamının bilməyi vacibdir ki, istənilən ölkənin ən böyük kapitalı insandır, neft pulları yox".
Sədr müavininin sözlərinə görə, "Azərbaycanda hansısa bir iqtisadi struktur yaratmaq üçün heç xarici kapitala da ehtiyac yoxdur. Ölkənin iqtisadi imkanları yetərindən də artıqdır. Sizə adicə bir fakt deyim. Azərbaycanın iş adamları hazırda Türkiyə iqtisadiyyatına 4 milyard manatdan artıq vəsait yatırıblar. Mən hələ Rusiya və Avropa ölkələrinə, Orta Asiya dövlətlərinə yatırılan külli miqdarda vəsaitləri demirəm. Buna görə də qəti qənaətimdir ki, Azərbaycanda xüsusi iqtisadi zona yaratmaq üçün xarici investorlara və ya xarici mənbələrə üz tutmağa ehtiyac yoxdur".
Heydər Oğuz sonda onu da bildirdi ki, "Hər halda Türkiyə Azərbaycana bir daha sərmayə yatırmaq istəyirsə, bu niyyətin reallaşması üçün ciddi güvəncəyə malik olmalıdır. Bayraq insidentini xatırlayırsınızmı? Yəni Azərbaycan-Türkiyə münasibətləri bu tipli anlaşılmazlıqlardan hələ ki tam sığorta olunmayıb və Türkiyənin iş adamları bunu unutmamalıdır".
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Əvəz Temirxan bizimlə söhbətində bildirdi ki, "Ümumiyyətlə, bir partiya olaraq biz Azərbaycan və Türkiyənin bir çox sahələrdəki əməkdaşlığının genişləndirilməsi və daha da sıxlaşdırılmasının tərəfdarıyıq. Bunu həm hər iki ölkənin tarixi-geopolitik-mədəni doğmalıqları, həm də müasir dünyanın reallıqları tələb edir. İndiki dünyanın reallıqları isə ondan ibarətdir ki, milli çərçivələr tədricən dağılır və dünya dövlətləri arasında müştərək strukturlar yaranmağa başlayır. Planetin və ayrı-ayrı dövlətlərin getdikcə çoxalan həlli çətin problemlərini aradan qaldırmaq üçün başqa bir alternativ də görünmür".
Partiya sədrinin sözlərinə görə, "Azərbaycanla Türkiyəni çox məsələlər doğmalaşdırır və beynəlxalq miqyasda eyni mövqedən çıxış etməyə vadar edir. İstər Dağlıq Qarabağ problemi olsun, istər İranın nüvə müşkülü, istər erməni məsələsi, istərsə də PKK problemi və s. Hətta mənə elə gəlir ki, Türkiyə ilə Azərbaycan strateji təhlükəsizlik baxımından bir neçə ortaq qurumlar yaratmaq barədə düşünməlidir".
Əvəz Temirxanın sözlərinə görə, "Türkiyənin Azərbaycanda xüsusi iqtisadi zona yaratmaq ideyasını da alqışlayıram. Amma fikrimcə, bu zonanı əhalinin sıx məskunlaşdığı Sumqayıtda deyil, Azərbaycanın boş ərazilərində təşkil etmək daha məqsədəuyğun olardı. Çünki hazırda bölgələrimizdə məşğulluq məsələsi ciddi problemə çevrilib və əhali iş dalınca Bakıya və Sumqayıta axışmaqdadır".
Natiq