Türkiyənin Ərzurum şəhərində iki cinsiyyət orqanı ilə dünyaya gələn və hazırda 22 yaşlı Ş.D ilə 14 yaşlı Y.D bacılarının həyat hekayəsi son günlər hər kəsi duyğulandırıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Yakutiyə mahalında yaşayan 7 uşaqlı ana Yadigar D, iki övladının həm kişi həm də qadın xüsusiyyətlərini daşıdığını ifadə edərək, onlara kömək əlinin uzadılmasını istəyib. İkicinsli uşaqları qadın kimi böyütdüyünü vurğulayan Yadigar D. ərinin onlara heç vaxt kömək etmədiyini də bildirib: "Həyat yoldaşım övladlarımla məni atıb başqa qadınla evləndi. Sonra isə cinayət törədərək həbsxanaya girdi. Uşaqlarıma illərdir həm analıq həm də atalıq edirəm. İkisi oğlan olmaqla ümumi 7 uşağım var. İki qızım cütcinsli dünyaya gəliblər. Mənim kimi onlar da bu vəziyyətə çox kədərlənir və psixoloji pozğunluqları var. Səfalət içində bir həyat yaşayırıq".
Orqanizmindəki anormallıq səbəbindən boyu sürətli şəkildə uzanan və hazırda 2 metr olduğunu ifadə edən Ş.D. isə bacısı Y.D ilə birlikdə çətin günlər keçirdiyini söyləyib.
Cüt cinsiyyətli yaşamağın çətin olduğunu və bu vəziyyətdən utandığı üçün orta məktəbi tərk etdiyini ifadə edən Y.D yoldaşları kimi qız olmaq istədiyini bildirib:
"Bu vəziyyətdən utanıram. Hər kəs bacımla məni qız bilir. Sinifdəki yoldaşlarım bizə lağ edirdi. Buna görə məktəbi tərk etdim. Yeganə istəyim müalicə olunmağımız və tez bir zamanda normal həyat yaşamağımızdır. Bəzən bacımla bir-birimizi qucaqlayıb ağlayırıq. Çünki ikimizdən başqa, bizi heç kim anlaya bilməz".