«Azərikimya» İB-nin kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü həmrəylik iməciliyi keçirməklə qeyd ediblər. 

Unikal.org-a verilən məlumata görə, kimyaçılar öncə dahi şəxsiyyətin Sumqayıt şəhərindəki abidəsini ziyarət edərək abidə önünə gül düzüblər. 
Sonra «Azərikimya» İB-nin 400 nəfər əməkdaşının iştirakı ilə həmrəylik iməciliyi keçirilib. Etilen-polietilen zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinində keçirilən iməcilikdə kimyacılarla bərabər SOCAR-Polymer zavodunun, şəhər Bələdiyyəsinin, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin, Sumqayıt Dövlət Universitetinin, respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Sumqayıtın Tarixi Muzeyinin və "Sosial Quruculuq" İctimai Birliyinin nümayəndələri də iştirak ediblər. 
Mütəşəkkillik, həmrəylik və fəallıqla müşayiət olunan iməcilik zamanı Etilen-polietilen zavodunun bioremediasia üsulu ilə təmizlənmiş 4 hektarlıq ərazidə 600 ədəd müxtəlif növ ağac əkilib. Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin əraziləri alaq otlarından təmizlənib, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, dibləri bellənilib və ərazilərdə abadlıq işləri aparılıb.
 












`