Bu gün Qaradağ Rayon İcra Hakimiyyətində Müqəddəs Pasxa bayramı ərəfəsində rayonda yaşayan bir qrup slavyanəsilli sakinlərlə görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qaradağ rayonu Rus İcmasının sədri Natalya Viktorovna Paramanova, Qaradağ rayonu Ukrayna Konqresinin sədri Qalina Fyodorovna Qasımova və icma üzvləri iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbiri açaraq, Müqəddəs Pasxa Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışıb.

Sonra Qaradağ rayonu Ukrayna Konqresinin sədri Qalina Fyodorovna Qasımova Qaradağ rayonu Rus İcmasının sədri Natalya Paramanova və başqaları çıxış edərək, Qaradağ rayonunda Pasxa bayramının yüksək səviyyədə keçirilməsini qeyd edərək, rayon rəhbərliyinə öz təşəkkürlərini bildirib və tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik ediblər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Munis Bayramov çıxış edərək, Müqəddəs Pasxa Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib və bildirib ki, yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olub.

Tədbirin sonunda 70 nəfər aztəminatlı slavyanəsilli ailəyə bayram münasibətilə ərzaq sovqatı təqdim olunub.

Rayonda yaşayan Rus İcmasından və Ukrayna Konqresindən olan bir qrup sakinlər göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.