Bəşər Əsədə yaxın adamların qohumları da müxalifətə keçməyə başladı
11:13 20-08-2012
CƏMİYYƏT
Bəşər Əsədə yaxın adamların qohumları da müxalifətə keçməyə başladı
Suriyalı müxaliflərdən Qərbə təhdid kimi xəbərdarlıq gəldi, BMT bu ölkədən çəkilmək qərarı verdi
Əlcəzairin sabiq xarici işlər naziri Ladhar İbrahimi BMT və ƏDL-nin Suriya üzrə xüsusi təmsilçi postunda Kofi Annanı əvəz etməyə razılıq verib. Bu barədə BMT-dəki mənbə bildirib.
78 yaşxlı Ladhar Ibrahimi keçmişdə BMT-nin İraq, Əfganıstan, Haiti və CAR-da xüsusi təmsilçi vəzifəsində çalışıb.
Xatırladaq ki, avqustun 2-də BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi təmsilçi Kofi Annan tutduğu vəzifədən istefa verib.
Kofi Annan tərəfindən irəli sürülən planda Suriyada hərbi texnikanın şəhərlərdən çıxarılması və hər iki tərəfin zorakılığa son qoyması əksini tapmışdı.
Elə dünən BMT Təhlükəsizlik Şurası Suriyadakı müşahidəçilərin fəaliyyətinə xitam verib. Müşahidəçilərin mandatı avqustun 19-da başa çatacaq. Təhlükəsizlik Şurasının iki daimi üzü - Rusiya və Çin müşahidəçilərin Suriyadan çıxarılmasına qarşı olsalar da, veto hüququndan yararlanmayıblar.
Bu ilin aprelindən Suriyada müşahidələr aparan BMT missiyası zorakılığa son verilməsi və ölkənin humanitar yardımlara açılması prosesinə nəzarət etməli idi. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın təmsilçisi Jerar Aro jurnalistlərə bəyan edib ki, kəskin qarşıdurma üzündən müşahidəçilər bu missiyanın öhdəsindən gələ bilməyiblər. O, Suriyada daxili münaqişənin aradan qaldırılması üçün təklif olunmuş sülh planının tam iflasa uğradığını vurğulayıb.
Suriya hökuməti isə BMT müşahidə missiyasını əvəz edəcək BMT-nin Koordinasiya bürosunun avqustun 20-də Dəməşqdə yerləşdirilməsinə razılıq verib. İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə BMT-nin Baş katibinin sülhməramlı əməliyyatlar üzrə köməkçisi Edmond Mulle bəyan edib.
Onun sözlərinə görə, Koordinasiya bürosunda Suriyadakı BMT missiyasının əməkdaşları işləyəcək. O bildirib ki, Koordinasiya bürosunun üzvlərində müşahidəçi statusu olmayacaq. Bunun üçün BMT-nin Təhlükəsizlik Şurasının müvafiq mandatı tələb olunur. Büronun işini BMT-nin Baş katibi idarə edəcək. Orada əsasən hərbi mütəxəssislər işləyəcək və Suriyadakı vəziyyətlə bağlı Baş katibi məlumatlandıracaqlar. Bundan başqa büro humanitar məsələlərlə də məşğul olacaq.
Bu arada Suriya diktatoru Bəşər Əsədin ən yaxın köməkçisi Faruq əl-Şaranın müxaliflərin tərəfinə keçdiyini önə sürən Əl-Ərəbiyyə telekanalı, çox keçmədən yaydığı informasiyanı təkzib edərək düzəlişə keçib; müxaliflərin tərəfinə keçən şəxsin Əl-Şara deyil, yaxın bir qohumu olduğu məlum olub.
Əl-Şaranın müxalifətin tərəfinə keçən qohumunun adı isə telekanal tərəfindən çəkilməyib.
Əsəd rejiminin "Qara qutusu" kimi tanınan 73 yaşındakı Əl-Şara, 2006-cı ildə prezidentin köməkçisi vəzifəsinə təyin olunana qədər 22 il müddətində Suriyanın xarici işlər naziri vəzifəsində çalışıb.
Keçən ayın sonunda Əl-Şaranın Kipr yunan kəsimində Suriya səfiri olan qardaşı qızı Lamiyə əl-Hariri, Birləşmiş Ərəb Əmirlikləri səfiri vəzifəsindən istefa verən həyat yoldaşı ilə birlikdə müxaliflərin tərəfinə keçmələri haqda bəyanat verərək Katara qaçmışdılar.
Qeyd edək ki, Suriyada davam verən döyüşlər 17-ci ayına girib. Keçən müddət ərzində bu qanlı vətəndaş müharibəsinin nə ilə bitəcəyini hələlik heç kəs dəqiq proqnozlaşdıra bilməyib. Dünya ictimaiyyətini isə iki əsas məsələ düşündürür: müxaliflərin silah təminatı məsələsi və Əl-Qaidəyə bağlı qrupların bu xaosdan istifadə edərək, müharibə şəraitində Suriyadakı dayaqlarını möhkəmləndirməsi.
Hələbdə vuruşan müxaliflərdən bu iki məsələnin ikisinə də aid olan bir bəyanat gəlib. Nüfuzlu "İnternational Herald Tribune" qəzetinin xəbərinə görə, Hələbin Bab-əl-Nasr bölgəsində vuruşan müxalif komandirlərdən Əbu Ammar, kömək gəlməyəcəyi təqdirdə Əl-Qaidə ilə işbirliyinə gedəcəklərini bəyan edib. "Əl-Qaidəni istəmirik, amma bizə yardım göstərilməsə bu təşkilatla işbirliyinə gedəcəyik"- deyən Ammar, Əl-Qaidənin təşəbbüsü əlinə alan kimi insanların beynini yuyacağını və üç ay ərzində Hələbi özü üçün hərbi bazaya çevirəcəyini vurgulayıb.
Dünənki məlumatlarda həmçinin Suriya ordusuna aid döyüş təyyarələrinin Türkiyə sərhəddinin beş kilometrliyindəki Azaz qəsəbəsini bombalaması nəticəsində, burada ölanlərin sayının 80 nəfəri keçirdiyi bildirilib. Srağagün günorta saatlarından sonra başlayaraq, bir-neçə saat davam bombardıman nəticəsində 60-dan çox bina yerlə bir edilib. Qəsəbənin geridə qalan evləri isə qəzalı, yaşamağa tam yararsız vəziyyətdədir.
Hələbdəki qətliamdan qaşaraq Azaz bölgəsinə sığınan suriyalıların, burada ölümlə burun-buruna gəlməsi onları Türkiyə sərhəddinə axın etməyə vadar edib. Hal-hazırda sərhəd qapısında minlərlə insanın Türkiyəyə keçə bilmək üçün uzun növbələrdə durduğu bildirilir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49