Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Unikal.org xəbər verir ki, rayonun bələdiyyə, hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, həmçinin 140 nəfərə qədər sakinin iştirak etdiyi qəbulda icra başçısı Abdin Fərzəliyev prezident İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirmiş, eyni zamanda, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.
Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları cavablandıran A.Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.
Səyyar qəbulda çıxış edən sakinlərin təbii qaz, elektrik enerjisi və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq və s. məsələlərlə əlaqədar problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, bəzi müraciətlərin həlli yerindəcə reallaşdırılıb və yaxud onlarla bağlı aidiyyəti səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilib.