Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 28,3%-i Rusiya Federasiyası, 21,9%-i Gürcüstan, 13,4%-i İran, 11,3%-i Türkiyə, 4,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2%-i Ukrayna, 1,9%-i İraq, 16,5%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,8%-ni kişilər, 33,2%-ni isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 22%-i yanvar, 19,6%-i fevral, 32,7%-i mart, 25,7%-i isə aprel ayında ölkəyə gəlib.
Cari ilin yanvar-aprel aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,0 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 1,6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,2 dəfə artıb. İrandan gələnlərin sayında 5,4% azalma müşahidə edilib.
2018-ci ilin yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 12,4% artaraq 32 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,4% artaraq 284,9 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,6%-i dəmir yolu və avtomobil, 38,6%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
2018-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 1 mln. 289 min nəfər olub. Ölkə vətəndaşlarının 31,3%-i Gürcüstana, 27,7%-i İrana, 21,9%-i Rusiya Federasiyasına, 12,2%-i Türkiyəyə, 1,7%-i Ukraynaya, 1,4%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,8%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,4%-i kişilər, 31,6%-i isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 11,6% artıb, Türkiyəyə gedənlərin sayı 16,1%, Gürcüstana gedənlərin sayı 3,6%, Rusiya Federasiyasına gedənlərin sayı 1,1% azalıb.
Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80%-i dəmir yolu və avtomobil, 19,1%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.