İlk dəfə 2014-cü ildə ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən Azərbaycan Respublikasında uçuşların təhlükəsizliyinin təmin olunması sahəsində apardığı qiymətləndirmə nəticəsində Azərbaycana "1-ci Kateqoriya səviyyəsi verilib.
Unikal.org xəbər verir ki, təqdim olunan bu səviyyəyə əsasən, Azərbaycan aviaşirkətləri ABŞ-a birbaşa müntəzəm uçuşlar həyata keçirmək hüququna malik idi.
Buna baxmayaraq, 2015-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO) tərəfindən keçirilmiş geniş audit zamanı Beynəlxalq Standartlara uyğunluq faizinin aşağı düşməsi (58%-dən 43%-ə) FAA tərəfindən Azərbaycana verilmiş Aviasiya Təhlükəsizliyi üzrə "1-ci Kateqoriyanın "2-ci Kateqoriyaya endirilməsi və ABŞ-a uçuşlara məhdudiyyət qoyulması təhlükəsi yaratmışdı. Təhlükəsizlik Kateqoriyası aşağı salınan dövlətlərin təcrübəsi göstərir ki, yenidən "1-ci Kateqoriyaya qayıtmaq prosesi çox çətin keçir və uzun illər tələb edir.
Bu baxımdan, son iki il ərzində mülki aviasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində geniş tədbirlər görülüb:
Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi yaradılıb, "Aviasiya Haqqında Qanuna zəruri əlavələr edilib.
Eyni zamanda, Mülki Aviasiya sahəsi üzrə Dövlət Proqramlarının icrası istiqamətində geniş iş aparılıb.
Bütün bu tədbirlər, Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təşkil edilmiş iş və qəbul edilmiş qaydalar nəticəsində 2017-2018-ci illərdə keçirilən beynəlxalq auditlər, o cümlədən ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən keçirilən qiymətləndirmə müsbət nəticələnib.
Beləliklə, FAA tərəfindən Azərbaycanda "Mülki aviasiya haqqında Çikaqo Konvensiyasının standartlarına uyğunluq qiymətləndirildikdən sonra Azərbaycan üçün uçuşların təhlükəsizliyinə nəzarət üzrə "1-ci Kateqoriya qüvvədə saxlanılıb.
Bu, Azərbaycan Respublikası rəhbərliyinin uçuşların təhlükəsizliyinin təmin olunmasına və mülki aviasiya sahəsinin inkişafına göstərdiyi xüsusi diqqətin nəticəsidir.