Penitensiar xidmətin Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumların xidmət əməkdaşlarının müşayiətilə müəssisənin hüdudlarından kənarda mədəni-kütləvi tədbirlərdə iştirakı davam edir.
Penitensiar Xidmətdən Unikal.org-a daxil olan məlumata görə, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə planlaşdırılmış tədbirlər çərçivəsində məhkum yeniyetmələr növbəti şəhər gəzintisində olublar.
Yeniyetmələr ilk olaraq Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daha sonra tərbiyə olunanlar Milli Azərbaycan Tarixi muzeyində olmuş, burada nümayiş etdirilən Azərbaycanın qədim və orta əsrlər tarixinin müxtəlif eksponatları ilə tanış olublar.
Yeniyetmələr üçün Dənizkənarı Milli Parkda, ticarət və əyləncə mərkəzində gəzintiyə və nahara, əyləncə attraksionlarında dincəlməyə, Park Sinema kino zalında bədii filmə tamaşa etməyə şərait yaradılıb.
Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana, məhkumlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.