Avropanın və dünyanın təhsildə qabaqcıl ölkələrindən biri olan Finlandiyada elm və təhsil sahəsində təcrübəmizi artırmaq məqsədilə Azərbaycandan bir qrup təhsil işçiləri, məktəb direktorları və müəllim heyəti ilə birlikdə Finlandiyanın paytaxtı Helsinkiyə səfəri təxirə salınıb.

Bu barədə Unikal.org-a tədbirin təşkilatçısı "Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu Təşkilat Komitəsinin sədri və Forumun iştirakçıları adından Orxan Həsənoğlu bildirib. O vurğulanıb ki, 24-29 may 2018-ci il tarixində Helsinkidə "Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu adlı elmi-təcrübə proqramı həyata keçirməyi qərarlaşdırdıq:

"Bu səfərin əsas məqsədi dünyada elm və təhsildə keyfiyyət deyildiyində ilk ağıla gələn Avropa ölkələrindən birinin təcrübəsini öyrənməkdən, həmçinin Avropa ilə Azərbaycan arasında mədəni və elmi münasibətlərin inteqrasiyasına kömək etməkdən ibarət idi. Biz heç bir zaman təsəvvür edə bilməzdik ki, dünya xalqlarına mədəniyyət aşılamağı özünə missiya kimi görən Avropa İttifaqı üzvü bir ölkə məhz multikultural dəyərlərdən, insan münasibətlərindən, qeyri-rəsmi informasiyaları doğru informasiya kimi təqdim etməkdən utanmayacaq. Norveç Krallığının Azərbaycanda yerləşən səfirliyi ümumbəşəri ali dəyərlərə hörmətsizcə yanaşaraq, cəmiyyətdə Avropaya qarşı olan inamı sarsıtdı və bunun ən dəhşətlisi isə Avropa İttifaqının ölkəmizə yaraşmayan ifadə və davranışlarını göstərdi. Belə ki, Finlandiyaya getmək üçün viza müraciəti etdiyimiz Norveç Krallığının Azərbaycandakı səfirliyi vizaya imtina üçün bizə bir neçə əsas səbəb göstərmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, bu səbəblərin hər biri əsassız iddialardır. Səfirlik yazılı olaraq iddia edir ki, Finlandiyadan göndərilən dəvət məktublarını araşdırmaq üçün Finlandiya-Azərbaycan Assosasiyası ilə heç bir halda əlaqə (telefon və ya email) saxlamaq mümkün olmamış, Espo şəhərində yerləşən və səfər zamanı getməyi planlaşdırdığımız Juvanpuisto School adlı orta məktəbdən cavab verilməmişdir.

O.Həsənoğlu məsələ ilə bağlı KİV-ə müraciətdə ünvanlayıb: "Norveç səfirliyi tərəfindən adiyyatı qurumlara heç bir sorğu göndərilməmiş, telefon, fax və ya email göndərilməmiştir. Əsassız səbəblərdən 39 nəfərdən ibarət təhsil işçilərinin Avropa ölkəsinə səfərinə ciddi cəhdlə əngəl törətmişdir. Xüsusilə imtina məktublarında yazılan bir neçə məqamda azərbaycanlıların hər zaman ölkəni tərk etmə istəyinin olduğunu, bizi bu ölkəyə bağlayan heç bir səbəbin olmadığını vurğulamaqla ölkəmizin təhsil işçiləri təhqir olunmuşdur. Hər zaman insan haqlarından danışan Norveç Krallığı imtina məktubunda Azərbaycanda ictimai, siyasi və maliyyə problemlərinin olduğunu və bu səbəbdən azərbaycanlıların öz ölkələrini tərk edib başqa ölkələrdə yerləşdiyini vurğulayıb. Həmçinin, məktubda bildirilir ki, azərbaycanlı təhsil işçilərinin Finlandiya Forumunda iştirakı və rolu vacib deyil. Qərəzli yanaşmalar sərgiləyən səfirlik adi diplomati-etik qaydalarada əməl etməmiş və öz missiyasını aşaraq ölkəmizin daxili işinə müdaxilə etmişdir.

Ciddi əsas olmadan vizalar üçün imtina məktubuna qeyri-rəsmi iddialarını qeyd edən Norveç Krallığının Azərbaycanda yerləşən səfirliyini Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək, hüquqları pozulmuş müəllimlərin haqlarını müdafiə edəcəyik.

Bildirmək istəyirik ki, bu xoşagəlməz situasiyalar qarşılığında Avropanın qonşuluq, humanizm, təhsil sahəsində qarşılıqlı münasibətlərin inkişafı və mədəni əlaqələrin qurulmasına kölgə salınmışdır. Eyni zamanda, bu qeyri-qanunu davranış təşkilatçı qurumun haqqında mənfi rəy formalaşdırmış, neçə illər ərzində əldə etdiyi etibarına böyük mənəvi zərər vurmuşdur. Səfirlikdən cavab məktubunun gecikdirilməsi və təyyarə uçuşuna son 32 saatdan daha az bir vaxtda məlumatın verilməsi şirkətin zərərini artırmışdır.