Tanınmış redaktor sosial şəbəkələrdə xalqı təhqir edən "söyüş çətəsi"nin qurbanına çevrilib.
Unikal.org xəbər verir ki, "Facebook" sosial şəbəkəsində milləti "тварь" adlandıran, mühacirətdə olan "söyüş çətəsi"nin nümayəndəsi redaktora qarşı təxribat kampaniyasına başlayıb.
Belə ki, BiG.AZ saytının redaktoru Rövşən Əsədov sözügedən təhqir dolu paylaşımına fikrini bildirdiyi üçün ona qarşı qarayaxma və çirkab kampaniya başladıblar. Onun şəkilləri montaj edilərək kürd olduğu, kürd olduğu üçün fəxr etməsi ilə bağlı saxta informasiyalar, telefon nömrələri müxtəlif irihəcmli qruplarda paylaşılıb.
Sözügedən paylaşımın həqiqətə uyğun olmadığından xəbərsiz olan sosial şəbəkə istifadəçiləri isə təxribata uyaraq onu təhqirlərə məruz qoyublar.
Bununla bağlı danışan Rövşən Əsədov bunun xarici ölkələrə sığınan, saxta adlarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparan satqınların işi olduğunu bildirib. O, həmçinin qeyd edib ki, sözügedən şəxs və şəxslər onun şəxsi hesabına hücum edərək şəhidləri, şəhid və əsgər analarını da küçə söyüşləri ilə təhqir ediblər:
"Sosial şəbəkədə qrupların birində millətimizi "тварь" adlandıran bir şəxsin paylaşımına öz fikrimi bildirdim. Görünür fikrim onları sarsıdıb. Bu məqsədlə də mənə qarşı qarayaxma və təhqir kampaniyasına başladılar. Hətta, profilimə hücum təşkil edərək məni, mövcud hakimiyyəti, eləcə də şəhid və əsgər analarını söydülər. Bacardığım qədər həmin təhqirləri silsəm də, digər əlim çatmayan qruplar, səhifələr vasitəsilə barəmdə yalan və yalnış informasiya yayırlar, əlaqə nömrələrim yayılaraq məni məsələdən agah olmayan insanlara təhqir elətdirirlər. Bunun başında duran şəxs isə profil hesabına mühacir azlıqların yaratdığı "Oyan" təşkilatının fotoşəkillərini, eləcə də, Milli Şuranın üzvü Cəmil Həsənlinin fotoşəkillərini paylaşıb. Görünür ki, müxalifət düşərgəsinə, eləcə də xaricdə oturub ölkəmizə qarşı çirkin kampaniya aparan insanlara bağlı bir insandır.
Onu da qeyd etmək istərdim ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişəm. Həmin şəxsin yaxud şəxslərin tapılaraq qanunla cəzalandırılmasına nail olmağa çalışacam".