"Azərişıq ASC "ASAN Xidmət" mərkəzlərində "İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidmətini təqdim edib.
Unikal.org xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında qurumun Perspektiv inkişaf və "ASAN xidmətlə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.
E.Rüstəmlinin sözlərinə görə, bu xidmət vasitəsi ilə 500-dən artıq xidmət həyata keçiriləcək:
"Yeni xidmət vasitəsi ilə bonentlərə kabel xətlərinin diaqnostikası, zədələrin təyini, istənilən hava şəraitində xətlərə baxış, ağacların budaqlarının neytrallaşdırılması, köhnə dayaqların dəyişdirilməsi, ildırımdan mühafizə troslarının ölçülməsi, transformatorlara baxış, yağ əlavəsi, gərginliyin nizamlanması, açıb-qoşma əməliyyatları, özəl müəssisələrin balansında olan yarımstansiyalarda daimi növbətçiliyin təşkili, açarların dəyişdirilməsi, ölçü cihazlarının quraşdırılması və ümumilikdə 500-dən çox əməliyyatlar həyata keçirilir. Bu xidmətin abonent üçün kifayət qədər üstünlükləri və xeyiri var. Məsələn, hansısa istehlakçının balansında olan yearaltı kabel və ya hava xəttində nasazlıq yaranır və bunun səbəbi bilinmir. Sözsüz ki, xəttin diaqnostikası, zədəli yerin ən qısa vaxta təyin edilməsini bütün maddi texniki bazası mövcud olan "Azərişıq-dan kənar hansısa elektrik işçisinin həyata keçirməsi mümkünsüz görünür. Ən azı ona görə ki, aparatların tapılması, bundan sonar lazım olan mal materialın axtarılaraq alınması, iş aparmaq üçün elektrikin kəsməsinə icazə almaq, yeraltı kabeldirsə ərazinin qazılması və örtülməsi, hava xəttidirsə kranın və başqa texnikanın gətirilməsi vaxt itkisi ilə yanaşı ikiqat xərcdir. Üstəlik onun elektrik təhlükəsizlik qaydalarına uyğun olub-olmayacağı da şübhə altındadır. Lakin bu iş "Azərişığ"ın peşəkar kadrları tərəfindən ən müasir avadanlıqlarla həyata keçiriləndə həm istehlakçıların işi asanlaşır, həm təhlükəsizlik tədbirləri artırılır, həm vaxta qənaət edilir, həm israfçılığa yol verilmir, həm də keyfiyyətlilik və dayanıqlılıq təmin edilir".