Xəbər verdiyimiz kimi general Ərziman Əliyev tərəfindən jurnalist Əli Cahangiroğlunun təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və hər kəs generalın qeyri-etik rəftarını pisləyir. Sosial şəbəkələrdə və informasiya resurslarında Ərziman Əliyev DİN-in yüksək vəzifəli məmuru kimi təqdim edilsə də nazirlik bu gün açıqlamasında onun fərdi məsuliyyət daşıdığını bildirib.
Unikal.org xəbər verir ki, baş verən biabırçı olayla bağlı Bizimyol.info-ya danışan Azərbaycanın məşhur xalq artisti Flora Kərimova generalın səhvə yol verdiyini, belə hərəkəti pislədiyini bildirib.
"Nə olur olsun bu adam söyüş söyməməli idi. Belə ağır söyüşü hər kəs leksifonundan çıxarmalıdır. Hər bir insan bu ölkənin, bu millətin namusudur. Mənim var yoxumu söyəndə, bilməlisən sənin də var yoxun var. Ona cavab verə bilərdi, ona elə söz deyə bilərdi jurnalist onun altını da çəkməzdi. Var yox sözü namus sözüdür, o millət sözüdür. Yenə deyirəm nə olur olsun, söyüş söyməmli idi. Belə bir söz var, istəmirsən söyülmək, söymə. İstəmirsən heç olmaq belə danışma.
Bir şeyi də deyim ki, görünür Ərziman Əliyev hansı vəziyyətdə olub ki, belə söyüş söyüb. Ona zəng olunanda bilməli idi ki, buna niyə zəng olunur. Generalın hövsələsi çatmadı desin ki, mən qardaşımın yerinə cavabdeh deyiləm. Ərziman Əliyev bu söyüşlə millətin heysiyyatına toxunub. General nəzərə almalı idi ki, bir insanın simasında millətin heysiyyatına toxunulur. Onun qohumları indi deyirlər ki, biz hardan səhv etdik bunun qohumu olduq, qardaşı olduq, bacısı olduq. Üzr istəmək üçün də yer olmalıdır.İndi o bilir ki, onu qanunla üzr istədəcəkələr. Təəssüf ki, general nəzərə almdı ki, onsuz da məhkəməyə verilsə məhkəmə əli ilə üzr istəyəcək. Ona görə də cəzalanmalıdır. İndi o ailəsini də tapdalayacaq.