Vergilər nazirinin müavini Sahib Ələkbərov şou-biznes nümayəndələrinin vergiyə cəlb olunması prosesindən danışıb.
Unikal.org-un məlumatına görə, nazir müavini bildirib ki, bu sahə ən çox vergidən yayınan sahədir: "Keçən ilin oktyabr ayından maarifləndirmə işləri aparırlar. Bu sahədə çalışanlara böyük hörmətimiz var. Amma hər şeyin bir həddi-hüdudu var. İnzibatçılıq zəif idi. Keçən ilin axırlarında şadlıq saraylarına qeydiyyat kitabçaları paylanıldı. Sadələşdirilmiş vergi ödəyiciləri kimi hər rübdə hesabat verirlər. 
Vergi borcu olan şou biznes nümayəndlərinin, şadlıq saraylarının hamısının adları açıqlanacaq. Dəfələrlə izahatlara baxmayaraq, yenə də vergidən yayınanlar cəzalanacaq. Bəzən mətbuatda da oxuyuruq ki, deyirlər toy yoxdur, batırıq. Amma biz kameralar quraşdırmışıq. Odur ki, kameralar saat 6-ya kimi quraşdırılır, buna kimsə müdaxilə edə bilmir. Lakin 6-dan sonra bəzi şadlıq sarayları həmin kameraları söndürür. Halbuki biz görürük ki, stolların üstü doludur və toy olacaq".
Onun sözlərinə görə, bəzi mətbat orqanlarında gedən məlumatlar da həqiqəti əks etdirmir: "Guya şadlıq sarayları böhrandadır və heç bir toy yoxdur. Halbuki təkcə Bakıda yanvar-aprel aylarında 6324 toy olub.
Bir müğənniyə 4000 manat kameral qaydada vergi hesablanmışdı. Bütün dünyaya car çəkdi ki, mənə 100000 vergi borcu yazılıb. Bundan da özünün reklamı üçün istifadə etdi. Onu da əlavə edim ki, qazandığı məbləği dəqiq göstərən hələ ki, yoxdur. Aldığı qonorarın məbləğini 20,30,50 manat arası göstərirlər . Biz bunları ictimai qınaq obyekti kimi görmək istəyirik.
Bir qrup da yazır ki, mən ümumiyyətlə toya getmirəm. Biz də bu ölkədə yaşayırıq. Toylarda onları görürük. Getmirsənsə, bəs nə ilə dolanırsan?".
Vergilər Nazirliyinin yenə də müğənnilələ söhbətlər apardığını deyən nazir müavini qeyd edib ki, bir çox müğənnilər hərbi geyim geyinib mahnı oxuyurlar: "Biz bunu təqdir edirik. Amma bundan çox vergini ödəsələr daha çox vətənə xeyir verərlər. Bu qanunvericilikdə də öz əksini tapıb".