Aşıq Azər Xanlaroğlunun səhhəti hələ də ağır olaraq qalır. Bir müddət Bakıda, Rusiyada, daha sonra Türkiyədə müalicə alan aşığın iki ağır xəstəliklə paralel mübarizə aparması onu həm maddi, həm də mənəvi baxımdan çətin duruma salıb.
 
Unikal.org xəbər verir ki, Aşıq Azər "Şərq" qəzetinə açıqlamasında son durumu barədə bunları söyləyib:
 
"Hazırda Bakıdayam, evdə yatıram. İki xəstəliklə eyni vaxtda mübarizə aparmaq çox çətindi. Hər ikisi də ağır, böyük məbləğ tələb edən müalicələr istəyən bir xəstəlikdi. Ayağımda varikoz genişlənməsi yaranıb. Bu xəstəliyin də Azərbaycanda müalicəsi yoxdu. İkinci ağır xəstəliyim isə ciyərlərimlə bağlıdı. Ciyər implatasiyası olunsa, bu xəstəlik aradan qaldırıla bilər. Ciyərimdə yaranan xəstəliyin çarəsi əslində tam yoxdur. Bilirsiniz ki, hepatit virusunun sağalma ehtimalı olmur. Sadəcə, ciyər köçürülməsi olsa, bu problem aradan qaldırıla bilər. Türkiyədə Qazi Osmanpaşa Universitetinin nəzdində fəaliyyət göstərən xəstəxanada həkimlər əməliyyatı öz üzərlərinə götürdülər. Ciyər köçürülməsi üçün Türkiyədə həkimlər yalnız əməliyyata 100 min dollar pul istədilər. Ancaq ciyər donorunu mən özüm tapmaq şərti ilə. Donor nə qədər istəyəcək, onu hələ bilmirəm. Mənim isə elə böyük məbləği tapmağa gücüm çatmır. Düzdür, bəziləri hesab edir ki, sənət aləmində olanların o qədər məbləği var. Amma bu heç də elə deyil. Ola bilər ki, kimdəsə o qədər məbləğ var. Yəni populyar müğənnilərin bəlkə də o qədər pulu olur. Mənim isə o qədər var-dövlətim yoxdu. Düzdü, bir neçə il əvvəl az-çox el məclislərində qazanmışam. Amma yenə də o qədər olmayıb. Bir də artıq 4 ildir xəstəlik məni xəstəxana qapılarında saxlayıb. Əlimdə olanları da müalicələrə xərclədim getdi. Allah heç kimi xəstəliklə imtahana çəkməsin. Mənim xəstəliklərim bəlkə də xərçəng qədər dəhşətli olmasa da, o qədər asan bir xəstəlik də sayılmır. Ancaq bu xəstəliklərin müalicəsi böyük vəsait, pul tələb edir. Ayağımda olan varikoz xəstəliyi ilə 4 ildir mübarizə aparıram. Bir çox MDB ölkələrində olan sanatoriyalarda, xəstəxanalarda müalicə almışam. Bakıda da yatmadığım özəl və dövlət klinikası qalmayıb. Bunlar da vəsait tələb edir. Sağ olsun bəzi səmimi dostlar. Onlar az-çox dəstək oldular. Barmaqla sayılacaq qədər az sənətçi dəstək oldu. Bilirsiniz, konsert etdilər ki, vəsait əldə olunsun. Vəsaitdən gələn gəliri də dəqiqliklə məbləğin söyləyə bilərəm. Konsertdən 9400 manat pul əldə edilmişdi. Bu məbləği də mənə verdilər. Həmin məbləği hara nə qədər ödədiyimi də sübut edən bütün pul çeklər məndə qalır. Saxlamışam, bilinsin ki, o məbləğin hər manatı hara ödənib.
 
Mən 4 ildi bu vəziyyətdəyəm. Bu müddətdə 3 ay işləyə bilirdimsə, 4 ay xəstəxanalarda olurdum. Son vaxtlar bir dostum bu məsələni ictimailəşdirdi. Efirlərdə, mətbuatda bu barədə dedilər. Amma mənim xəstəliyim üçün lazım olan məbləği hələ ki, əldə edə bilmirəm. Bilmirəm sonum necə olacaq. Mən özüm şəxsən heç kimə ağız açmamışam. Kim kömək edibsə, Allah köməkləri olsun. Ayağımdakı varikoz xəstəliyi o qədər kəskin vəziyyət alır ki, ayağımın ölçüsü adi haldakından 4-5 dəfə artıq olur. Yeriyə bilmirəm. Yenə deyirəm, mən ancaq Allahıma və Azərbaycan xalqına ümidimi bağlamışam. Bir dəfə də anam Heydər Əliyev Fonduna, Mehriban xanıma müraciət edib. Fonddan müsbət cavab da gəldi. Məni göstərişlə həkim ekspertinə müayinəyə dəvət etdilər. Ancaq bizim həkimlərin rəyinə görə, müalicə olunması üçün göstəriş verildi. Məndə Türkiyə və digər ölkələrin həkimlərinin verdikləri rəy də var. Onlar ciyərimdə və ayağımda da əməliyyatın olmasını vacib hesab edirlər".
 
Aşıq Azər xəstəliyi ilə mübarizə apararkən özündən daha çox, övladları üçün narahat olduğunu da qəhərlənərək dilə gətirdi:
 
"Bilirsiz, mən atayam. İki övladım var. Birinin 6, digərinin 2 yaşı var. Mən onların atasız olma ehtimalını düşünəndə dəhşətə gəlirəm. Ölümdən qorxmuram. Allah verən candır. Amma hələ ölməyə haqqım yoxdu deyə özümü qınayıram. Uşaqlarıma görə bu gün ölməyə haqqım yoxdu. Mən onları bu yaşda boynubükük qoyub bu həyatdan köçmək istəmirəm. Heç kim bu dünyanı tutub durmayıb. Amma Allah mənə o qədər möhlət versin ki, onları böyüdə bilim. Tək canım olsaydı, deyərdim ki, bu xəstəliklə barışmalıyam. Uşaqlarıma görə mübarizə aparmağa məcburam. Mən ata kimi bunu etməliyəm. Amma artıq işləməyə də gücüm, taqətim qalmır. Əvvəlki kimi də iş yoxdur. Müalicələr üçün böyük məbləğdə pul lazım olur. İnanın, uşaqlarımın gözünə baxanda gözlərim dolur. Allah heç bir övladı atasız etməsin. Mən sağ ikən görürəm ki, bəzən doğma deyilən insanlar belə yad ola bilirlər. Mən olmayandan sonra uşaqlarıma heç kim baxmayacaq. Sadəcə qəzetiniz vasitəsilə mən mətbuata və bir də yaxşı dostlara təşəkkür edirəm ki, məni diqqətdən kənarda qoymurlar. Amma bəzən bu bəs etmir. Mənim 100 min manatım olsaydı, ən azı əməliyyat olardım. Heç olmasa bir xəstəlik qismən aradan qalxmış olardı. Mənim yaşamaq şansım bir az çoxalardı. Oturub hər gün ölümün qapını nə vaxt döyəcəyini gözləmək ağırdı".