Təhsil Nazirliyinin dəstəyi ilə "Azərişıq ASC ölkənin elektroenergetika üzrə kadr hazırlayan ali təhsil müəssisələri ilə Müştərək Magistr Hazırlığı layihəsi həyata keçirir. 

Unikal.org xəbər verir ki, buna başlıca zəmin isə son illər paylayıcı elektrik şəbəkələrində gedən yenidənqurma işləri və yeni texnologiyaların şəbəkələrə tətbiqinin gənc kadrların istehsalatın tələb etdiyi sahələrdə hazırlığı ilə bağlıdır. Məhz həmin layihənin davamı olaraq bu gün "Azərişıq ASC-nin Tədris Mərkəzində Təhsil Nazirliyi, "Azərişıq ASC və Dövlət Neft və Sənaye Universitetinin nümayəndələrinin iştirakı ilə geniş tədbir keçirilib.

Bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd elektroenergetika üzrə ali təhsil müəssisələrinin magistr pilləsində təhsil alan tələbələrin dissertasiya işlərinin hazılanmasında "Azərişıq ASC-nin maddi-texniki bazasından, müasir laboratoriyalarından yararlanmasını təmin etmək, eyni zamanda paylayıcı şəbəkələrin elektrik enerjisinin keyfiyyət göstəricilərinin nomallaşıdırlması o cümlədən texniki və texnoloji itkilərin minimallaşdırlması, tələb olunan səmərəli elektrik təchizatı sxeminin formalaşdırılması, xüsusilə elektroenergetika sahəsində gələcək çağırışlara və real inkişafa cavab verəcək elmi potensialın istehsalata inteqrasiyasına nail olmaqdır.

Müştərək Magistr Hazırlığı layihəsinin əsas qayəsini təşkil edən detallara gəldikdə isə vurğulanıb ki, magistrlərə təqdim edilən dissertasiya mövzuları elektroenergetikanın, xüsusilə ölkənin paylayıcı elektrik şəbəkələrinin aktual problemlərini və sahənin inkişafını əhatə etməklə, "Azərişıq ASC tərəfindən müəyyənləşdirilir. Yəni magistrlərə universitet tərəfindən elmi rəhbərlə yanaşı, "Azərişıq ASC-nin təcrübəli mühəndisləri ikinci dissertasiya rəhbəri(istehsalat rəhbəri) kimi təyin olunur. Paralel olaraq layihə qaydalarına uyğun olaraq istehsalat rəhbərləri magistrları lazımi materiallar, dərs vəsaitləri, proqram təminatları və s. ilə təchiz edilməklə, mənbələr göstərilməklə istiqamətləndirir. Eyni zamanda istehsalat rəhbərləri magistrların diplom işlərinin mövzusundan asılı olaraq Bakı və regional şəbəkələrin elektrik qurğuları( yarımstansiyaları, EVX-lər,Dispetçer İdarəetmə mərkəzləri və s.) ilə tanışlığını təmin edir, üstəlik ayda 3 dəfədən az olmayaraq onlarla görüş keçirilərək, yaranmış suallar cavablandırır. Bu da öz növbəsində gənc kadrların formalaşmasında əhəmiyyətl rol oynayır.

Tədbirdə qeyd olunub ki, belə bir layihə artıq 2017-2018-ci tədris ilində Təhsil Nazirliyi, "Azərişıq ASC və Dövlət Neft və Sənaye Universiteti tərəfindən birgə həyata keçirilib. Belə ki, ADNSU-nun "Elektroenergetika kafedrası üzrə II kurs, 20 nəfər magistranta "Azərşıq ASC tərəfindən dissertasiya işlərinin mövzuları təqdim olunub. Layihə çərçivəsində "Azərişıq ASC tərəfindən istehsalatın gündəlik iş fəaliyyətində və perpektiv istiqamətlərində aktual olan dissertasiya mövzuları təqdim edilib və magistrantlara hər tərəfli dəstək göstərilib.

Nəticədə 10 nəfər magistrantın dissertasiya işlərinin müdafiəsi məhz bu gün Tədris Mərkəzində baş tutub.

Tədbirdə xüsusi olaraq qeyd olunub ki, univeristeti bitirən həmin gənc kadrların gələcəkdə "Azərişıq ASC - də işlə təmin olunmaları nəzərdə tutulub.

Bildirilib ki, təhsil müəssisələrində kadr hazırlığının istehsalata inteqrasiyası hesabına həyata keçirilən belə layihələr artıq ölkənin elektroenergetika sahəsində kadr çatışmamazlığının aradan qaldırılmasına qismən də olsa nail olunmağın göstəricisidir. Tədbirin sonunda bildirilib ki, belə layihə digər universitet və elm müəssisələri ilə də davam etdirilir.