İrandan, Belorusiyadan ölkəmizə gətirilən kartofların həm keyfiyyətinin aşağı olduğu, həm də Azərbaycan məhsulu adı ilə satılması barədə iddialar səsləndirilir. İnsanlarda belə bir fikir formalaşıb ki, İrandan gətirilən kartoflar keyfiyyətsizdir və çox dərmanlıdır.
Bəs bu fikirlər nə dərəcədə doğrudur?
Unikal.org-un məlumatına görə, Kənd Təsərüffatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev "Zaman.az" saytına eksklüziv açıqlamasında bildirib ki, Dövlət Xidmətinin müfəttişləri tərəfindən respublikanın bütün topdansatış və parakəndə satış məntəqələrində fitosanitar monitorinqlər və araşdırmalar aparılır: "Araşdırmalar zamanı hələlik bununla bağlı hər hansı bir fakt aşkar olunmayıb".
Camal Quliyev deyib ki, əgər vətəndaşlar bazarlarda belə bir halla rastlaşarlarsa, dərhal Dövlət Xidmətinə müraciət etsinlər: "Bundan başqa, artıq Cəlilabad, Şəmkir, Gədəbəy, Tovuz və digər rayonlarda becərilən ərzaqlıq kartof məhsulunun yığımına və bazarlarda satışına başlanılıb. Buna görə də, adıçəkilən ölkələrdən idxal olunan kartofun Azərbaycan məhsulu adı ilə satışa çıxarılmasına və istehlakçıların aldadılmasına heç bir səbəb qalmır. Çünki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları xarici ölkələrdən idxal olunan məhsullardan həm keyfiyyətinə, həm xarici görünüşünə görə çox fərqlənir".