İsti havalarda vətəndaşlar bəzi parklarda rahat istirahət edə bilmirlər. Səbəb isə Bakıda yerləşən bir neçə parkda fəvvarələrin işləməməsidir.
Unikal.org bildirir ki, xərc çəkilərək parkların ortasında fəvvarələr quraşdırlıb, ancaq havanın isti keçdiyi bir vaxtda heç biri işləmir.
Məsələ burasındadır ki, Bakının mərkəzində yerləşən parklarda olan bu fəvvarələrin bir çoxu hazırda işlək vəziyyətdə deyil. Hələ günün günorta çağını demirik. Çəkiliş etdiyimiz təxminən saat 5-6 radələrində də bu parkalarda fəvvarələrin heç birinin işləmədiyinin şahidi olduq. Məsələn, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun parkı və Heydər Əliyev parkında fəvvarələr işləmir. Bu parklarda istirahət edən vətəndaşlar istidən qorunmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında da eyni vəziyyətdir.
Problemin səbəbini araşdırmaq üçün parklarda fəvvarələri işlədənləri axtarmağa çalışırıq.
Bakı şəhər İcra Hakimiyyətinin Fəvvarələrin İstismarı İdarəsinin əməkdaşları problemin səbəbini özünəməxsus şəkildə izah etməyə çalışıblar.
Digər nəzarətçilər isə bildirib ki, parklarda fəvvarələr ancaq günün axşam saatlarında işə salınır. Vətəndaşlar isə günün ən isti vaxtlarında bu fəvvarələrə ehtiyac duyur və problemin tezliklə aradan qaldırılmasına ümüd edirlər./xezerxeber.az