- Üzmək istəyirəm.
- Çempion olmaq istəyirsən?
- Hə.
Yəqin ki, İmranı xatırladınız. 3 il öncə istirahət mərkəzlərindən birində hovuzda bədbəxt hadisə nəticəsində hər iki ayağı ciddi xəsarət almışdı. Daha sonra prezident İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Almaniyaya yola salındı. Bir ayağı bərpa olunub, digər ayağına isə protez taxılıb.
İmran Cəfərzadə baş məşqçi Faiq Əsgərovun nəzarəti altında Milli Paralampiya Komitəsinin Sumqayıtda yerləşən kompleksində üzgüçülüklə məşğul olan onlarla uşaqdan biridir. Qeyd etmək yerinə düşər ki, üzgüçülük idman növü Paralampiya Oyunları siyahısına 1960-cı ildə daxil edilib. Əsasən görmə, dayaq-hərəkət məhdudiyyətli insanlar üçün nəzərdə tutulub. Bu gün üzgüçülük idman növü bütün dünya üzrə geniş izləyici auditoriyasına malikdir. Azərbaycanda da bu idman növünə kifayət qədər maraq var. Elə bunun nəticəsidir ki, paralimpiya oyunlarında üzgüçülüyə də xüsusi diqqət var. Faiq Əsgərov artıq 10 ildir ki, uşaq paralampiya kompleksində məşqçi-təlimatçı kimi çalışır: "Üzgüçülüyün ən çətin tərəfi odur ki, çoxillik məşq tələb edir. Qısa müddətdə nailiyyət əldə etmək olmur. Sözsüz ki, bütün idman növləri belədir. Amma üzgüçülükdə suya uyğunlaşma müddəti daha çox çəkir. Uşaqları erkən yaşlarda qəbul edirik. 5-6 il müddətinə müəyyən səviyyəyə çatdıra bilirik".
Məşqçi bildirib ki, əsasən üzgüçülüyə 5 yaşdan yuxarı uşaqlar qəbul olunur. Adətən, sudan çəkindikləri üçün ilkin mərhələdə xüsusi təlimçilər vasitəsilə uşaqlar suya adaptasiya olunurlar. Daha sonra uşaqlar məşqçi Faiq Əsgərovun öhdəliyinə verilir. O qeyd edib ki, üstünlük kiçik yaş qruplarına verilir. Əgər uşaqlar arasında üzgüçülüklə peşəkar şəkildə məşğul olmaq istəyən varsa, məşqlərə start verilir. Elə kiçik yaş qrupuna üstünlük verilməsinin əsas səbəbi də budur. Nəzərə alsaq ki, üzgüçü olmaq üçün minimum 5-6 il lazım olur, müəyyən nailiyyət əldə olunması üçün elə erkən yaşlarda məşqlərə başlamaq daha yaxşı olar: "İlkin hədəf uşaqların sağlamlığıdır. Gələcəkdə idmançı olmasalar da, çalışırıq ki, hər hansı fiziki qüsurlar olmasın. Kiçik yarışlar olsa belə, iştirakı təmin edirik ki, medal, yaxud başqa bir təltif də olsa, yadlarında qalsın".
Məşqçinin sözlərinə görə, bu illər ərzində ən böyük uğur Uşaq Paralimpiya Komitəsinin yaradılmasıdır. Buraya nəinki Bakı və Sumqayıtdan, digər regionlardan da uşaqlar cəlb olunub. Uzunmüddətli məşqlərin nəticələri ötən il bəhrəsini verdi. Belə ki, ilk dəfə olaraq I Uşaq Paralimpiya Oyunları keçirildi. Faiq Əsgərov bildirib ki, yarışların ilaşırı keçirilməsi nəzərdə tutulur. Artıq II Uşaq Paralimpiya Oyunlarının hazırlıqlarına başlanıb. Seçimlər aparılır. Yarışların oktyabr ayında start götürəcəyi gözlənilir. Məşqçi sırf üzgüçülük idman növündə seçimlərin hansı əsaslarla aparılacağına da aydınlıq gətirib: "Paralimpiyada qruplar üzrə üsullar fərqlidir. Elə bir fiziki məhdudiyyət ola bilər ki, hansısa üsulda üzmək imkanı verməsin. Üsullar qruplara görə seçilir. İdmançının hazırıq səviyyəsi də burada rol oynayır. İdmançının hansı üsulda yarışacağını mütəxəssislər yönəldir".
Məşqçi həmçinin qeyd edib ki, hovuza gələnlər arasında yaşlı idmançılar da var. Onlar əsasən veteranlardır və üzgüçülüklə həvəskar kimi məşğul olurlar.
O ki, qaldı uşaqlara... Orada olduğumuz müddətdə uşaqların nə dərəcədə həvəslə məşq etdiklərinin şahidi olduq. Hiss olunurdu ki, onlar məşqçinin təlimatlarına riayət edərək müəyyən zaman çərçivəsində maksimum dərəcədə çalışqanlıq nümayiş etdirməyə çalışırlar. Öyrəndik ki, onlar arasında yüksək nailiyyətlər əldə edənlər az deyil. Sevindirici haldır ki, uşaqların motivasiyası yüksək səviyyədədir. Əksər uşaqlar çempion olmaq arzusundadır. Onlardan biri də Amindir. 9 yaşlı Amin üzgüçülük hovuzuna iki ildir gəlir.
Fərid Novruzzadə isə 12 yaşındadır. Bir ildir ki, üzgüçülüklə məşğuldur. Onun da uğurları az deyil: "Əvvəlcə zəif idim, Faiq müəllimin köməyi ilə gücləndim. İlk paralampiya oyunlarında 1-ci yeri qazandım. Həvəskar yarışlarda da ilk yerlərə çıxmışam".
Fəridin digər idman növlərinə o qədər də marağı yoxdur. Məhz üzgüçülükdə yüksək nailiyyətlər əldə etmək niyyətindədir.
Əlinin isə 9 yaşı var. Təxminən il yarımdır üzgüçülüklə məşğuldur. Deyir ki, bu idman növünü özü seçib: "Burada insanın bədəni açılışır. Həm sağlam idman edirik, həm də inkişaf edirik. Su bədənə xeyirdir".
Əli bir çox yarışlarda iştirak edib, təltif olunub. Ən böyük arzusu isə çempion olmaqdır.
Sonda isə məşqçinin müraciətini diqqətinizə çatdıraq: "Uşaqlarınızın fiziki məhdudiyyəti varsa, onu mütləq idmana yönəldin. Çünki onların gələcəkdə çox böyük uğurlara imza atmaq şansı var".