Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimlə görüşüb.

Unikal.org xəbər verir ki, Dövlət Komitəsinin sədri iki dost və qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Ərazilərimizin işğalı zamanı qaçqın və məcburi köçkünlər üçün qardaş Türkiyə tərəfindən edilən humanitar yardımları xatırladıb, bu dəstəyə görə təşəkkürünü bildirib.

Dövlət komitəsinin sədri ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün geniş imkanların olduğunu, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə ictimai dəstəyin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərin rifahı dayanır. Bu kateqoriyadan olan soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva həmin tədbirləri daim diqqətdə saxlayır, məcburi köçkünlərin yeni mənzillərlə təminatı məsələsinə xüsusi qayğı göstərir.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim səmimi qəbula görə təşəkkürünü bildirərək, fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. Fondun müharibə iştirakçıları, şəhid ailələri ilə yanaşı məcburi köçkünlərlə də bağlı layihələr gerçəkləşdirdiyini vurğulayıb. Müqəddəs Ramazan ayında Cocuq Mərcanlıda yerli sakinlərlərlə görüşdüklərini, burada yaradılan şəraitlə yaxından tanış olduqlarını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.