Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Şuradan unikal.org-a verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Müzakirə edilən ilk məsələ "AS Nəqliyyat MMC-nin direktoru Şuozer Oktayın "Media İnformun xüsusi müxbiri Xəyyam Qurbanlıya qarşı müraciəti olub. Müzakirələr zamanı bəlli olub ki, portalın əməkdaşı X.Qurbanlı informasiya əldə etmək istəyərkən qanun pozuntularına yol verib. Komissiya üzvləri tövsiyyə ediblər ki, portal əməkdaşları informasiya əldə etmək barədə prinsiplərə hörmətlə yanaşsınlar.
İclasda ƏSMM yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi Abbasova Könül Şahmalı qızının "dogruxeber.az və bır sıra digər internet saytlarına qarşı şikayəti araşdırılıb. Mərkəz barədə informasiya hazırlayan xəbər portalları materiallarının maddi sübutlara əsaslandığını bildiriblər. Komissiya üzvləri tərəflərin iddialarında media fəaliyyətindən kənar amillərin üzə çıxdığını müəyyən etdikləri üçün şikayətçiyə tövsiyə ediblər ki, problemin həlli üçün məhkəmə orqanlarına müraciət ünvanlasın.
Müzakirə edilən növbəti məsələ Bakı şəhər sakini Məmmədzadə Elçinin "Minval.az saytına qarşı şikayəti olub. Şikayətçi bildirib ki, xəbər portalları "Bakıda ərəb turistlərin yaratdıqları problemlər barədə yazılar hazırlayarkən, fərqinə varmadan, əlavə problemlərə yol açıblar. Xüsusi olaraq, bu cür yazılarda fahişəliyin təbliğinə yönəlmiş elementlər ortaya çıxır. Hansı ki, portal materialı məhz bu problemin həllinə yardım olmaq üçün hazırlayıb. Komissiya üzvləri məsələnin müzakirəsi zamanı bənzər halların mövcudluğunu aşkarlayıblar. KİV qurumlarına tövsiyyə edlib ki, bu cür hallarda həssas davranış lazım olduğunu nəzərə alsınlar.
Şamaxı Dövlət Regional Kollecinin pedoqoji kollektivinin "Rubrika.az saytına qarşı şikayəti araşdırılarkən vurğulanıb ki, cavabdeh KİV sözügedən kollec barədəki yazısında balans prinsipinə həssas yanaşmalıydı. Ümumən tənqidi materiallar hazırlayarkən AJPDQ-nın bu tələbinə uyğun davranılmasının zəruriliyi önə çəkilib. Eyni zamanda narazılıq doğuran materialın KİV-dən çıxarıldığı əsas götürülüb və məsələ bitmiş hesab edilib.