"Deyirlər ki, bu il havalar çox isti keçidyi üçün avadanlıqlar dözməyib və qəza baş verib. Ancaq istiliyin olduğunu bilirlərsə, gərək "Azərenerji ASC buna hazırlıqlı olmalı idi, nəzarəti artırmalı və xüsusi rejimə keçməli idi.
Unikal.org xəbər verir ki, bu fikirləri "Ölkə.Aza açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputat Rauf Əliyev bildirib.
Deputat deyib ki, normalda havaların isti keçməsi ilə əlaqədar "Azərenerji və digər müvafiq qurumlar tərəfindən xüsusi rejim tətbiq olunmalı idi:
"Onların deməyindən belə çıxır ki, havalar isti keçirsə, heçnə etməyək, hamımız oturaq. Bu cür yanaşma doğru deyil. O boyda Mingəçevir stansiyası xüsusi rejimə keçməli idi. Özü də Mingəçevir Su Anbarı və elektrik stansiyası xüsusi strateji əhəmiyyətə malikdir. Ermənilər hər zaman bizi təhdid edirlər ki, Mingəçevir Su Anbarını partaladarıq və sairə. Bu bird aha onu göstərir ki, bizim düşmənimiz yanımızdadır. Ona görə də daha diqqətli və məsuliyyətli olmaq vacibdir. Belə bir məqamda hansısa şəxslərin bizi düşmənə güldürməsi yolverilməzdir. Gərək burada "Azərenerji ASC əvvəlcədən hazrırlıqlı olmalı idi. Düzdür, "Azərenerji gecə ilə işlər gördü. Amma bunu əvvəlcədən hazırlıqlı olmaq lazımdır.
Deputat qeyd edib ki, elektrik enerjisinin kəsilməsi Azərbaycanın bütün sahələrində mənfi fəsadlara yol açıb:
"Bayaqdan xəbərləri oxuyuram, gecə elektrik enerjisinin kəsilməsi nəticəsində insanlar liftlərdə qalıb, sular kəsilib, Ceyranbatan Su Anbarında nasosların fəaliyyəti dayanıb, oğurluq hadisələri artıb, xəstəxanalar işıqsız qalıb və sairə. Bütün bunlar zəncirvari şəkildə bir-birinə bağlıdır. Ümumiyyətlə, əhali ilə birbaşa əlaqəli olan "Azərenerji, "Azərsu, "Azəriqaz və digər qurumlar yay-qış ayıq-sayıq və məsuliyyətli olmalıdır. Yaxşı yadıma gəlir, Sovet İttifaqı dövründə iyun ayında qışa hazırlıqla bağlı müşavirələr keçirilirdi. İndi Azərbaycanda da qışa hazırlıq işlərinə yaz-yay aylarından başlanılmalı və yüksək səviyyədə başa çatdırılmalıdır. Biz svil ölkəyik. Cənab prezidentin tapşırığı ilə ən müasir avadanlıqlar alınaraq ölkəmizə gətirilib. Axı bu qədər şərait yaradılırsa, nə üçün müvafiq qurumlar lazımı səviyyədə iş aparmırlar? Axı nə qədər "Azərenerji ASC-də problem çıxmalıdır? Keçən dəfə də problem çıxmışdı. Bəs "Azərişıq ASC-də niyə problem yaranmır? "Azərenerji ASC böyük qurumdur, dövlət büdcəsindən milyonlarla vəsait ayrılır, bütün şərait yaradılır, gedib normal işləsinlər də! Sağ olsun cənab prezident, tapşırıq verir, xaricdən ən müasir avadanlıqlar alınır. Ancaq müvafiq qurumların rəhbərləri kadr hazırlamırlar. Deyirlər ki, bu avadanlıqlarla işləyə bilmirik və sairə. Adama sual olunur ki, sən bu qurumun rəhbərisən, bəs niyə mütəxəssis hazırlamırsan? Türkiyə və digər ölkələrdən yüksək səviyyəli mütəxəssislər gətirib yaxşı kadr hazırlayın da! Bu gün Sovet İttifaqı dövrü deyil ki, köhnədən qalan avadanlıqlarla işləyəsən. Dünya inkişaf edir, ən müasir avadanlıqlarla çalışmaq lazımdır. Dövlət bu avadanlıqları alıb verir, indi işlədin də!.
R.Əliyev bildirib ki, Mingəçevir stansiyasında baş verən yanğın Azərbaycan prezidentinin gördüyü işlərə xələl gətirir:
"Bu gecədən camaat nə gəldi danışır. Biri deyir təxribatdır, partladıblar, biri də söz deyir. Bütün bunlar insanlar arasında təşviş və narahatlıq yaradır. Bütün bunlar nəyə lazımdır? Ona görə də cənab prezident baş verən hadisəni şəxsi nəzarətinə götürüb. İndi məsələ tam dəqiqliklə araşdırılıb qiymət veriləcək. Hadisənin baş verməsində kimin təqsiri varsa, cəzalandırılacaq. İndiki vaxtda insanlarla oynamaq olmaz. Bəzən gedib görürsən ki, bir yerdə su, bir yerdə işıq yoxdur. Həmin məmurlar insanları narazı salırlar. Sonra da camaat deyir ki, bəs prezident hara baxır? Axı cənab prezident hər məmuru güdəsi deyil ki! Cənab prezident tapşırıq verir, yerlərdə müasissələr yaradılır, iş yerləri açılır. Hər bir məmur cənab prezidentdən örnək götürüb öz xalqı üçün vicdanla işləməlidir. Dünən gecə oxuyuram, xəstəxanada da işıqlar sönüb. Axı həmin xəstəxanada əməliyyat olunan adamlar var. Bəs məmur düşünmür ki, burada insan həyatı həll olunur? Yaxud da liftdə qalan insanların ürəyi partlaya bilər. Axı məmurlar bunu düşünmürlər? Ona görə mən də bu cür məsələlərə məmurları vicdan və məsuliyyətlə yanaşmağa çağırıram.