"Gəncə şəhərində törədilmiş terror aktı ilə əlaqədar istintaq davam etdirilir.
Unikal.org-un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Gəncədə terror törədənlər din adı altında gizlənmiş radikal qruplardır: "Onların din adı altında gizlənməsinin səbəbi odur ki, din həssas mövzudur. Araşdıranda məlum olur ki, həmin insanlar dinə o qədər də bağlı deyil, onlar xarici qruplar tərəfindən ələ alınaraq istifadə edilir.
M. Qurbanlı qeyd edib ki, bu hadisələrin arxasında hansı dairələrin dayandığı araşdırılır: "İlkin məlumatlar onu göstərir ki, bu qrupların izləri xaricdə olan bəzi qruplara gedib çıxır.
Komitə sədrinin sözlərinə görə, Sumqayıtda da, digər yerlərdə də bu cür qruplar mövcuddur: "Bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanları tərəfindən profilaktik tədbirlər görülür. Hüquq-mühafizə orqanları tərəfindən Sumqayıtda aparılan işlər də həmin profilaktik tədbirlərin əsas istiqamətlərindən biridir. Bu işdə bütün cəmiyyətimiz bir aradadır, cəmiyyətimiz bu məsələdə dövlətçilik mövqeyi nümayiş etdirir və Gəncədə də əhali Azərbaycan dövlətinin, prezidentin yeritdiyi siyasəti birmənalı şəkildə müdafiə edir. Azərbaycanda ictimai-siyasi sabitlik tam bərpa olunub".