Rusiya Küveyt qarşısında keçmiş SSRİ-dən qalmış 1,1 milyard dollarlıq əsas borcu və 620 milyon dollar həcmində borc üzrə faizləri ödəyib.
Unikal.org «RİA Novosti»yə istinadən xəbər verir ki, bu məlumatı bu gün Rusiyanın Maliyyə Nazirliyi yayıb.
Qeyd olunur ki, kredit üzrə faizlərə görə 620 milyon dollarlıq hissə Rusiyanın yüksək texnologiyalı məhsullarının ixracı ilə ödənilib.
SSRİ 1991-ci ildə cari maliyyə öhdəliklərinin yerinə yetirilməsi və həyati əhəmiyyətli idxal məhsullarının alışı məqsədilə Küveytdən 1,1 milyard dollar həcmində kredit alıb.
Rusiya Maliyyə Nazirliyi onu da əlavə edib ki, hazırda Rusiyanın ödəməli olduğu SSRİ-nin keçmiş borclarının siyahısında Koreya Respublikasına, Makedoniyaya və Bosniya və Herseqovinaya olan borclar qalmaqdadır.