"Metsamor beynəlxaq təhlükədir, qonşu ölkələr onun bağlanması üçün səy göstərməlidir".
Unikal.org xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Azərbaycan parlamentinin yəhudi əsilli deputatı Yevda Abramov deyib.
Deputat vurğulayıb ki, BMT, onun müvafiq idarələri, Beynəlxalq Atom Enerjisinə Nəzarət Agentliyi Metsamorla bağlı məsələni mütləq nəzarətə götürməlidir: "Qonşu ölkələr Metsamorun bağlanması ilə bağlı müraciət etməli, diplomatik kanallarla iş görülməlidir. Metsamor təkcə Azərbaycan, Türkiyə, Gürcüstan yox, Rusiya və İran üçün də qorxuludur. Ona görə Metsamorun bağlanması üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır.
Çernobılda baş verən qəzanın Skandinaviya ölkələrinə pis təsir etdiyini nəzərə alsaq, Metsamor regiona böyük təhdiddir. Metsamorun texnikası köhnəlib. Ermənistan isə dilənçi dövlətdir və onu təmir etməyə gücü çata bilməz. Ona görə də BMT, dünya ölkələri AES-lə bağlı məsələyə reaksiya verməli və onun bağlanmasına nail olunmalıdır. Bu stansiya insanlıq üçün qorxuludur, təhlükəlidir", - deyə Y.Abramov bildirib.
MM üzvü qeyd edib ki, Metsamorla bağlı məsələdə Türkiyənin maraqları daha çoxdur: "Bu stansiya Türkiyənin 25 kilometrliyindədir. Türkiyə regionda sözü keçən dövlətdir. Türkiyə də bu məsələni beynəlxalq aləmin diqqətinə çatdırmalıdır. Gürcüstan və İran da Metsamorla bağlı həyəcan təbili çalmalıdır. Ona görə də bu məsələ təkcə Azərbaycanın işi deyil. Metsamor bütün region dövlətlərini narahat etməli və onun bağlanması üçün çalışılmalıdır".