5 oktyabr 2018-cı il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində 28 May mədəniyyət evində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ümumtəhsil məktəblərinin müəllim kollektivi, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir açıq elan edildikdən sonra rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov məruzə ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki, 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 2000-ci ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur.
Sonra yığıncaqda çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov tədbir iştirakçılarını salamlayaraq bütün müəllimləri bayram günü münasibəti ilə təbrik edərək qeyd etdi ki, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminlik müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər. Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olub. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Bu gün də dövlət rəhbərimiz cənab İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək onlara daim diqqət və qayğı göstərir. Təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları, habelə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Başçı vurğulayıb ki, rayonda 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 14-ü yeni tikilmiş, 18-i əsaslı təmir olunmuşdur. Eyni zamanda 2017-ci ildə Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilib. Hazırda Rayon ümumtəhsil məktəblərində 741 müəllim şagirdlərin təlim-tərbiyyəsi ilə məşğul olur. Bu günə qədər rayonumuzdan 10 nəfər "Əməkdar müəllim fəxri adına və 10 nəfər Tərəqqi medalına layiq görülmüşlər. Cari ildə 457 məzundan 390-ı sənəd verib və onlardan 285-i ali məktəblərə qəbul olunub. Qəbul imtahanlarında iştirak edən 48 məzun 500-600 arası, 27 məzun isə 600-dən yuxarı bal toplayıb. Bu il Qubadlı rayonu üzrə qəbul faizi 73% təşkil edir. Ötən il Qubadlı rayonu Ali məktəblərə qəbul imtahanlarının nəticəsinə görə respublika üzrə 1-ci yerdə olub. Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
5 oktyabr-Beynəlxalq Müəllimlər günü münasibətilə hörmətli Prezident cənab İlham Əliyevin sərəncamı ilə Qubadlı rayon Şəhər-2 saylı tam orta məktəbin direktoru Məmmədov Yavər Allahverdi oğluna Tərəqqi medalı verilmişdir. Təhsil Nazirliyi tərəfindən isə 2 nəfər müəllimə döş nişanı, 3 nəfər müəllimə fəxri fərman verilmişdir. Rayon İcra Başçısı cənab Malik İsaqov onları təbrik etdi, tədbirdə fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları təqdim olundu, qiymətli hədiyyələr verilib.
Yekunda Rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov bütün müəllimlərə nailiyyətlər diləyərək, təhsil inqilabında daim onlara mübariz və daha çox Azərbaycanın gələcəyi üçün əsl vətənpərvərlər yetişdirməyi arzulayıb.
Tədbir Azərbaycan Respublikası Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon bölməsinin hazırladığı konsert proqramı ilə davam etdirilib.