Azıxantropun aşkar edilməsinin 50 illiyinə həsr olunan konfrans öz işini başa vurub.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan Unikal.org-a verilən məlumata görə, "Azərbaycanda Azıx mağarası və miqrasiya axınları mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları Mingəçevir şəhəri yaxınlığında yerləşən Qaraca paleolit düşərgəsinə arxeoloji səfər ediblər.
Qonaqlar abidədə milyon il əvvələ aid qədim insanlar tərəfindən hazırlanan çoxsaylı daş alətlərə və daşlaşmış ağac qalıqlarına baxış keçiriblər.
Sonra REA MMTİ-nin Eksperimental laboratoriya şöbəsinin baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Yevgeni Girya qədim insanlar tərəfindən daş alətlərin hazılanma üsulunu nümayiş etdirən eksperiment keçirib.
Daha sonra iştirakçılara konfransın yekun qətnamə layihəsi oxunub.
Yekdilliklə qəbul olunmuş qətnamədə konfrans nümayəndələri Qafqazın əsas erkən paleolit abidələrindən biri kimi Azıx mağara düşərgəsinin böyük elmi önəmini yekdilliklə bildirib, son illərdə Azərbaycanda aparılan arxeoloji tədqiqatların səviyyəsini yüksək dəyərləndiriblər.
Qeyd edək ki, oktyabrın 5-də işini yekunlaşdıran konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıdır.