Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
Daha sonra ötən məhkəmə proseslərində müdafiəçilərin qaldırdıqları vəsatətlər müzakirə olunub.
Məhkəmə vəsatətləri təmin etməyib.
Təqsirləndirilən F.Hacıyevin vəkili Elçin Əliyev növbəti dəfə vəsatət qaldırıb və deyib ki, məhkəmə istintaqı dövründə ifadə verən bir neçə şahid istintaqa verdiyi ifadəsini təkzib edib: "Həmin şəxslər ifadələrindəki imzaların onlara aid olmadıqlarını bildirdilər".
Vəkil Məhkəmə Xəttşünaslıq Ekspertizasının keçirilməsini istəyib. Vəsatət təmin edilməyib.
Vəsatəti təmin edilməyən vəkil həmin şahidlərin məhkəmədə yenidən dindirilməsini istəyib. Məhkəmə həmin vəsatəti də təmin etməyib.
Müğənni F.Laçının vəkili Türkel Süleymanlı da vəsatət qaldırıb. O qeyd edib ki, "Qoca" qatarda qaçarkən istifadə etdiyi açar maddi sübut kimi istintaq orqanından tələb olunsun: "İstintaq dövründə həmin açar barədə ekapertiza rəy verməyib. Hətta istəyirəm ki, məhkəmə hadisə yerinə baxış keçirsin".
F.Laçın vəsatətə münasibət bildirərkən söyləyib ki, E.Məmmədov açarı ondan istəyən zaman qatardan qaçacağını deməyib: "O, məndən açarı istəyəndə həbsxanada qəfəsin qapısını açacağını demişdi".
Məhkəmənın növbəti prosesi oktyabrın 29-na təyin edilib.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.